Qonaq Kitabı
BAHADIR VƏ SONA

 

BİRİNCİ HİSSƏ

 

Yayın isti günlərindən idi. Günün axırıncı şəfəqi uca ağacların başını qızıl rəngində etmişdi və nazik yel yavaş-yavaş əsib yarpaqları tərpədirdi. Belə bir gözəl vaxtda ağacın altında, onun üstündə bir universitet tələbəsi, “student” əyləşmişdi və hərdənbir öz ətrafına nəzər yetirib fikrə gedirdi. Bu növcavan gülüzlü, xoşsifətli olub, ağıl və kamalı üzündən məlum edirdi. Amma bununla belə də üzü ürəyindəki pünhan qəmini bəyan edirdi. Neçin bu qəm dəryasına batmışdı? Və neçin kababtək qovrulurdu? – səbəbini bir özü, bir də əlindəki dəftərçə bilirdi. Axşam yavaş-yavaş araya gəldi. Gün məğribə yavuqlaşırdı. Qalın meşə, yaşıl ot adam boyunda, gözəl quşların nəğmələri, iti bulaqların qıjıltısı, havanın təmizliyi insana ləzzət verir, gərdişin comərdliyini anlayırsan. Belə bir gözəl vaxtda həmin meşədə tək, yaşıl otun üstə sərilmiş gözəl bir qız görərsinizsə, mənzərə daha artacaq surətdə gözəl görünər... Bahadır dəftərçəsini xeylaq yazandan sonra meşədə gəzirdi. Komalıqda gəzərkən nəzəri bir ağacın altına düşdü və orada on yeddi yaşında aya bənzər bir qız görüb halı dəyişildi. Qız arxası üstə uzanıb kitab oxuyurdu. İsti olmağa görə qız ağ, mərmər döşünü açmışdı və hərdənbir ətrafına baxıb guya ləzzət aparırdı. Bahadır bir ağacın dalına qısılıb məzkur qızı yaxşı manşırladı. Qız Bahadırın orada olmağından xəbərsiz idi. Bir az müddət keçəndən sonra qız şümşad əlini yaxasına uzadıb saata baxdı və yerindən tez durub getdi. Çünki qızın yolu Bahadırın yanından idi. Ona görə Bahadır istədi ki, gizlənsin ta qız onu görməyə, qız isə Bahadırı görüb yanından keçərkən xumar gözlərini Bahadıra süzdürdü. Qızın belə baxmağı Bahadırı özgə xəyallara saldı... İki növcavanın meşədə bir-biri ilə rast gəlməkləri ikisini də iztiraba saldı: qanları cuşə gəlib az qaldı ki, özlərini itirsinlər... Bahadır qızın dalınca xeylaq baxdı: vaxt ki, qız gözdən itdi, Bahadır yavaş-yavaş qızın dalınca gedirdi. Bu minvalla gəldi bazara, fəqət qızı görmədi. Bahadır mahud almaq fikri ilə bir mağazaya varid oldu. Bunun üzərinə mağazanın sahibi gəlib Bahadıra:

- Buyurunuz, nə xahiş edirsiniz?

Bahadır:

- Zəhmət çəkib mənə qara rəngdə mahud göstəriniz.

- Buyurunuz, - deyə göstərir, - bu çox yaxşı mahuddur.

- Həqiqət, yaxşıdır! Neçədir qiyməti?

- Axır qiyməti: arşını dörd manatdır.

- Çox gözəl! İki arşın yarım kəsiniz.

Mağaza sahibi iki arşın ölçüb kəsdi, sonra kağıza qoyub Bahadıra verdi və bir az fikirdən sonra Bahadırdan sual etdi:

- Cənabınız studentdirmi?

- Bəli, - Bahadır cavab verdi.

- Sizin yoldaşlardan burada çoxdurmu?

- Xeyir, ancaq üç nəfərik.

- Bəs sizlərdən heç müsəlman varmı?

- Bəli, ancaq bir müsəlman var.

- Siz buyurduğunuz şəxs farsca bilirmi?

- Bəli, bilir.

- Bəs nə vaxt siz zəhmət çəkib məni onunla aşna edərsiniz?

Bahadır bir az fikidən sonra cavab verdi:

- Məlum ola ki, o student mənəm, sizin qulluğunuzda durmuşam.

- Çox gözəl oldu ki, mən sizinlə aşna oluram – Yusif, deyib Bahadıra əl verdi. Və bir-birinə öz adlarını bəyan edəndən sonra Bahadır bir az fikrə gedib sual etdi:

- Təvəqqe edirəm buyurasınız görüm, siz neçin farsca bilən axtarırsınız?

- Səbəb odur ki, - Yusif cavab verdi, - mənim bir qızım var. “Qız institutunu” qurtarıb, türkcə dəxi yaxşı bilir və hətta yazır da. Amma indi farsca oxumaq istəyir, ona görə mən də adam axtarırdım. Sizə rast gəlib nəhayətdə xoşhal oldum. Ümidvaram ki, bu barədə mənə köməklik edərsiniz.

Bahadır bir az fikirdən sonra:

- Çox əcəb! Bu barədə mən sizə köməklik edərəm...

- Çox məmnunam, - Yusif Bahadırın əlindən tutdu və dedi: - Bəs nə vaxt bizə buyuracaqsınız?

- Nə vaxt istərsiniz.

- Belə olan surətdə təvəqqe edirəm sabah günorta bizə buyurasınız, amma... çünki evimizi bilmirsiniz, ona görə zəhmət qəbul edib mənim yanıma buyurarsınız, buradan bir yerdə gedərik.

- Çox əcəb, - Bahadır deyib çıxdı.

Bahadır üz qoydu öz evinə gəlməyə. Ruzigar qaranlıqlaşmışdı. Bahadır şam yandırıb öz adətinə görə başladı qəzetə oxumağa. Həmin nömrədə müsəlmanların mədəniyyət barəsində dalda qalmağından yazmışdılar. Oxuyub qurtarandan sonra dərin-dərin fikrə gedib qəm dəryasına batdı və qələm götürüb öz ruznaməsində yazdı. Bir xeylaq yazandan sonra qələmi əlindən buraxıb soyundu yatmağa. Bahadır yerinin içində cürbəcürə fikirlərə düşdü. Nədən fikir edirdi? Peterburqdanmı və orada təhsil etdiyi elmdənmi? Xeyr, Bahadırın başındakı fikirlər bunlar deyildi. Üç fikir onu məşğul etmişdi: əvvəlinci öz millətinin halı ki, qəzetədə yazılmışdı. İkinci, o qız ki, ona meşədə rast gəlmişdi və üçüncü o qız ki, onu oxudacaqdı... Bu tövr fikirlərə gedərkən birdən səslə dedi: “Ah, nə olardı ki, mən oxutduğum qız meşədəki olaydı!” Sonra: “Belə iş olmaz” – deyib ümidini yozdu. Bu fikirlərdən sonra Bahadırı erməni qızının farsca oxumağı məşğul etdi və öz-özünə dedi: “Bu millətə təəccüb etməlidir! Erməni qızı neçin farsca oxusun? Neçin türkcə bilsin?..” Bu fikirdə olarkən Bahadır yuxuya getdi.

Bahadırın atası qədim bəylərdən olub, dolanacağı ancaq mülklərinə bağlıydı. Çünki mülklərini qeyriləri dolandırırdı. Bir zamandan sonra borca düşüb var-yoxunu satıb borcunu verdi. Lakin iki min manatlıq yer anasının adına qalmışdı. Bahadır hərçənd atasının tək oğlu idisə də, bununla belə qeyriləri kimi atasının dövlətinə çox da ümid bağlamayıb oxumağa səy edirdi. Gimnaziyanın beşinci klasına keçəndə Bahadırın atası vəfat etdi və bir il ondan sonra anası öldü. Atasının və anasının bivaxt ölməkləri, atasından sonra köməksiz qalmağı və oxumağa məhəbbəti Bahadırı min-min fikirlərə salıb bilmirdi ki, nə etsin. Bahadırın gözəl əxlaq və ətvarına görə yoldaşları onu çox sevirdilər. Bahadıra belə bədbəxtlik üz verəndən sonra yoldaşları sözlərini bir edib başladılar Bahadıra layiqincə kömək etməyə, bu minvalla Bahadır gimnaziyanı qurtardı. Gimnaziyanı qurtarandan sonra yenə oxumaqdan əl çəkməyib istədi ki, anasının adına qalan yeri ucuz qiymətə satıb universitetə getsin, taki, elmini başa çıxarda. Qeyrətli yoldaşları: “Yer gələcəkdə sənə lazım olar” deyib, onu belə fikirdən daşındırdılar və özləri dəxi öz aralarında Bahadıra kömək edirdilər. Universitetdə Bahadırın işləri yaxşı keçdi. Çünki özü üçün bir neçə dərs tapıb ayda 40 və 50 manata qədər pul qazanırdı. O pulla yoldaşlarından birinə də kömək edirdi. Üç il bu minvalla universitetdə oxuyub dördüncü il yay fəsli rüsxət olunan vaxt yoldaşları ilə Məngilisə gəldi.

Sabah açıldı. Bahadır hələ üzünü yumamış ev yiyəsi qoca övrət Bahadırı çay içməyə getdi. İki stəkan çay içib öz otağına gəldi və qəzetə götürüb oxumaqla məşğul oldu. Sonra Yusifgilə getmək üçün hazırlaşıb yola rəvan oldu. Yusif Bahadırı görüb nəhayətdə şad oldu.

Yusif tiflisli məşhur dövlətli erməninin oğlu idi. Atası mədəniyyətli olduğuna görə oğlunu da gimnaziyada oxudurdu. Yusif 18 yaşında ikən atası öldü. Çünki Yusif atasının tək oğlu idi, ona görə atasından sonra buna mümkün olmadı ki, elmlərini başa çıxartsın. Bu səbəbə Yusif gimnaziyadan çıxdı. Bir az müddətdən sonra Yusif bir gözəl erməni qızına aşiq olub onu aldı. Bunun övrəti Avropa elmlərindən dadmış bir ağıllı övrət idi. İki ildən sonra bunlardan bir qız dünyaya gəldi adı Səlimə (Salome), 17 yaşında ikən ərə getdi. Səlimənin əri Məngilisdə olurdu. Yusifin Səlimədən başqa bir oğlu və iki qızı var idi. Yusif uşaqlarının içində hamıdan çox kiçik qızı Sonanı istəyirdi. Zira ki, Sona əxlaq və ətvarda hamıdan gözəl bir qız idi. Ona oxumağı 8 yaşından başladı. Sonanın ibtidai müəlliməsi nəhayətdə ağıllı və pedaqogika elmində qabilə bir ovrət idi. Məzkurə qız bir neçə vaxtdan sonra “Jenski institut” adlanan məktəbdə oxuyurdu. Az müddətdə bu qızı ağıl-kamalının səbəbinə müəllimləri nəhayətdə sevirdilər; 15 yaşında firəng və rus dilində azadə danışardı. Bu dillərdən başqa dəxi türkcə yaxşı yazıb-oxuyurdu. Öz dilini demək artıqdır! Çox çəkmədi ki, bu qız institutu nişanla qurtardı və ağıl-kamalı ilə məşhur olub hər yerdən istəyirdilər ki, onu alsınlar. Amma qız heç kəsə getmək istəməyirdi, çünki istəyirdi ki, ömrünü qələm işlətməklə millətinin yolunda çürütsün... Yusif bir neçə səbəblərə görə Məngilisə gəlib orada magaziyə açdı və yer alıb bir yaxşı ev saldırdı. Payız fəsli Yusifin külfəti Tiflisdən Məngilisə köçdü. Amma nə fayda ki, Məngilisin pis vaxtı idi. Çünki yayda gələnlər hamısı köçmüşdülər, bundan əlavə, ağaclar yavaş-yavaş solub havanın nəfəsi sovuqlaşmışdı. Sona üçün günlər nəhayətdə qəmgin keçirdi, bir dost-mehribanı yox idi. İti çovğunlardan sonra yaz fəsli gəldi. Məngilis yaşıl məxmərlə bəzəndi və Sonanın ürəyi qəfəsdən çıxan bülbülün ürəyinə bənzərdi. Yay aralığa gəlib xalq yavaş-yavaş Tiflisdən Məngilisə köçdü. Bir az zamanda Sona özü üçün həmsöhbət tapdı. Gününü gah bağlarda və gah meşələrdə keçirirdi. Məngilisin yay fəsli Sonanın nəhayətdə xoşuna gəldi...

Bahadır Yusiflə bir böyük, gözəl bəzənmiş zalda bulundular. Bunlar bir-biri ilə şirin söhbətə məşğul idilər. Bahadır hərdənbir ürəyindən bunu keçirirdi: “Allah! Görəydim o qızı ki, mən oxudacağam, necə qızdır?”

Nəzakətli Sona bir saat güzgünün qabağında gah aya bənzər camalı ilə, gah donu ilə məşğul idi. Sona elə ki, geyinib hazır oldu, qapının arxasından baxdı. Bahadırı görüb öz-özünə dedi: “Bu mənə tanış surətdir!”

Bir az keçəndən sonra Sona anası ilə bərabər içəri daxil oldular. Yusif tez yerindən qalxıb bunları adətə görə Bahadırla dost etdi.

Bahadır bir özgə halətdə bulundu. Sona dəxi onun halını hiss etdi. Bahadır Sonanın meşədə, mərmər döşü açılmış, yaşıl otun üstündə sərilmiş nəzərə gətirdi, gözlərindən od parıldadı...

Sonanın anası Maşo gülə-gülə Bahadıra dedi:

- Sizinlə dost olmağımıza nəhayətdə şadam.

- Bəli, bu saat ki, sizinlə oturmuşam, ömrümdə gözəl saatlardan biri hesab edirəm. - Bahadır deyib Sonaya nəzər yetirdi. Sonanın dəxi bu sözlərdən xoşu gəlib Bahadır tərəfə baş əydi. Söhbət bir az ara verəndən sonra Yusif üzünü Bahadıra tutub dedi:

- Allah-taala bizim dostluğumuzu həmişəlik etsin və təvəqqe edirəm ki, bu gündən bizə danışıb bu üç ay yayı bizimlə olasınız.

- Bahadır Yusifdən elə ki, bu sözləri eşitdi, nəhayətdə şad oldu. Və Yusifə kamal-ədəblə baş əyib dedi:

- Çox təşəkkür edirəm!

Saat ikidə stol nahara hazır oldu. Yusif durub Bahadırı nahar olunan otağa dəvət etdi. Hamısı nahar otağına getdilər. Yusif stolun başında, Bahadır sağ tərəfindən və Maşo, Sona sol tərəfdən əyləşdilər. Xörək dörd rəng idi. Stolun üstündə nə ki lazım idi, hamısı hazır olmuşdu. Nahar vaxtında millətlər barəsində bir neçə söhbət oldu. Erməni millətinin barəsində söhbət edəndə Sona ağzını açıb bülbül kimi ötürdü... Nahar xeylaq uzandı. Nahardan sonra Bahadıra bir otaq verdilər ki, orada bir az rahat olsun. Elə ki, saat altı oldu, Bahadıra qulluqçu su gətirib üzünü yudurtdu. Ondan sonra hamı balkona yığılıb çay aralığa gətirdilər. Yusif çay vaxtı vədə qoydu ki, Bahadır sabahdan daşınsın. Saat 8 olardı ki, çaylarını qurtardılar. Bahadır bunlarla görüşüb öz evinə getdi. O biri gün saat 9-da Sonanın gədəsi Bahadırın qapısında hazır oldu. Bahadır ev yiyəsi ilə hesablaşıb şeylərini gədəyə tapşırdı və özü Sonagilə getdi. Bahadır uzaqdan Sonanı balkonda bunu gözləyən görüb ürəyi iti döyünürdü və Sonanın dəxi rəngi təğyir tapdı, elə ki, Bahadır Sonaya yavuqlaşdı. Sona gülümsünüb ağ əlləri ilə Bahadırın əlindən tutub çəkdi. Bahadır hamısını hiss edirdi. Ikisinə də məlum oldu ki, bunlarda məhəbbət əlamətləri vardır.

Sona və Bahadır zala varid oldular. Bu vaxtda Maşo içəri daxil oldu və onun dalınca çay gətirdilər. Çaylarını içəndən sonra Maşo Bahadır ilə salamatlaşıb özgə yerə getdi. Evdə ancaq Sona ilə Bahadır qaldı. Ev qulluqçuları işə və uşaqlar oynamağa məşğul idilər. Söhbətləri bir az ara vermişdi ki, Sona kamal-ədəblə Bahadıra dedi: “Bu otağa buyurunuz”. Bahadır Sonanın dalınca gedib bir gözəl bəzənmiş otağa daxil oldular. Pəncərələrin qabağında cürbəcürə güllər və üstündə bülbüllər cəh-cəh edib öz nəğmələrini oxuyurdular. Otağın bir tərəfindən kravat, balışları qu tükündən, bir tərəfində də miz, bir neçə stul və əlüzyuyan. Sona otağı göstərib dedi:

- Buranın sizə təəllüqü vardır.

Bahadır baş əyib dedi:

- Təşəkkür edirəm.

Bu vaxt gədə gəlib xəbər verdi ki, şeyləri gətiriblər. Sona həmin saat şeyləri otağa daşıtdırdı.

Sona ev işinə məşğul idi və Bahadır öz şeylərini yerbəyer edirdi. Xülasə, axşam aralığa gəldi. Bahadır adətə görə ruznaməsini götürüb bir neçə şey yazdı... Elə ki, sabah oldu, Sona fars dilini oxumağa başladı. Bahadır bir neçə həftə danışıqda çox işlənən sözləri ona öyrətdi və sonra kitabda az-az dərs verirdi. Sonanın səyi çox olmağa görə bir az müddətdə farsca Bahadırın suallarına dəxi cavab verirdi... Bir gün Bahadır millət sözünü bəyan edərkən fikrə gedib ah çəkdi və yavaşdan farsca bunu dedi: “Biçarə millətim!” Bunu deyib rəngi təğyir tapdı. Sona bunun sözünü yaxşı eşitməyib sual etdi:

- Nə üçün siz ah çəkdiniz və nə dediniz?

Bahadır bir az fikirdən sonra dedi:

- Sizə dair bir söz demədim, ona görə təvəqqe edirəm ki, ürəyinizə bir şey gətirməyəsiniz.

- Xeyr, sizin sözlərinizdən mən özgə bir şey hiss etdim, təvəqqe edirəm məndən heç bir şeyi gizlətməyəsiniz.

- Həqiqət, sizə dair bir söz demədim.

- Bahadır bəy! Hərgah indi buyurduğunuz mətləbi mənə aşkar etməsəniz, onda dəxi könlüm sizdən dönər. Məlumdur ki, övrətin ürəyi kişininki kimi olmaz. Hərgah deməsəniz, öz canıma and verirəm.

- Sona xanım! Nə üçün öz canınıza and verirsiniz? Özünüz yaxşı bilirsiniz ki, hərgah lazımlı söz olsa, sizdən gizlətmərəm. O mətləb ki, mən dedim sizə əsla lüzumu yoxdur. Sizin üçün xeyirsizdir. Mən ancaq millət sözünü bəyan edirdim, hərgah mənim ah çəkməyim sizi şəkkə salır, təvəqqe edirəm ki, bu barədə özgə fikirlərə düşməyəsiniz, çünki ah çəkmək mənim həmişə adətimdir.

- Bahadır bəy! Təvəqqe edirəm mətləbdən kənar olmayasınız. Nə dediniz və nə üçün ah çəkdiniz, hamısını mənə bəyan ediniz, çünki bu pünhanlıq məndə bir böyük dərd olar.

- Sona xanım! Sizdə dərd olunca qoyun məndə olsun!.. O ah ki, mən çəkdim, millətpərəstlik ahıdır ki, həmişə mən çəkirəm. Sizə məlum olsun ki, mən millət sözünü bəyan edirdim. O, vaxt öz millətim yadıma düşdü...

Sona bu sözləri eşidib bir az fikrə getdi və dörd ətrafına baxıb gördü ki, heç kəs yoxdur, yavaşdan Bahadırın əlindən tutub dedi:

- Nəhayətdə şadam! Çox gözəl ki, iki birfikirli cavanlar bir yerə düşüblər!..

Bahadır fikirdə ikən Sona yenə əlindən tutub dedi:

- Təvəqqe edirəm bundan sonra bu babda məndən bir şey gizlətməyəsiniz, çünki mən də siz fikirdəyəm... neçin bəs ah çəkdiniz?

- Ondan ötəri ki, bizim millət qeyri millətlərdən dalda qalıbdır...

- Bəs buyurun görək, aya sizin millət yəni necə dalda qalıbdır?

Kitabı əlindən yerə qoyub Sona Bahadırdan sual etdi.

- Əzizim Sona xanım! Dəxi necə dalda qalmasın bir millət ki, dünya elmlərindən qaçaq düşübdü? Və elmsiz millət qabağa gedərmi? Getdi zor dünyası!..

- Haqq buyurursunuz, amma bu barədə gərəkdir sizin ruhanilər çalışalar, çünki xalq onlara inanır.

- Bəli, doğru buyurursunuz, xalq ancaq mollalara inanır, yəni molla nə desə xalq ona əməl edir. İslamın və millətin evini yıxan bu deyilmi? Müsəlman filosoflarından biri deyir: “Məhəmməd peyğəmbər hazırda öz millətinə nəzər etsə, yəqin qoyduğu dini tanımaz”.

Bahadır bu sözləri deyib papirosunu yandırdı.

Sona bu sözlərdən sonra bir az fikrə gedib dedi:

- Həqiqət, çox çətin məsələdir. Müsəlman millətinin və ya müsəlman dövlətlərinin hər yerdə tənəzzüldə yaşamaqlarına səbəb nə ola, əcəba? Məsələn, mən bir neçə filosof inşalarında oxumuşam, guya islam özü elmin intişar tapmağına manedir.

Bahadır bu sözlərdən sonra Sonaya diqqətlə baxıb gülümsündü.

- Sona xanım! Zahirdə həqiqət belədir, görünür. Fəqət bu məsələyə bir az ehtiyatlı girişmək lazım gəlir: hamı millətlərdə ruhanilər bir neçə səbəblərə görə dünya elmlərinə həmişə düşmən olublar, yəni tərəqqi yolunu mümkün olan qədər millətin üzünə bağlı qoyublar. Lakin bu məsələdə xristian aləmi ilə müsəlman aləmində bir təfavüt görünür. Xristian aləmində ruhanilər elmlərə düşmən olublarsa da, fəqət padşahlar və dövlət ruhanilərlə müdam, müharibədə bulunublar. Ruhanilər əski qanunlara yapışarkən camaatı qaranlıqda saxlamaq istəyiblər.

Padşahlar-dövlət isə zəmanənin təqazasına görə təzə qanunlar meydana gətirməklə millətin tərəqqisinə çalışıblar. Xristian aləmi müdam belə bir müharibədə olarkən özünü ruhanilərin zəncirindən yavaş-yavaş xilas edibdir. Müsəlman aləminə diqqət edərsiniz isə bu müharibəni görməzsiniz. Padşah həm xəlifə olub da, həm dövlətin yol göstərəni. Padşah-xəlifə, ya zəmanənin ən böyük ruhanisi tərəqqi yolunu camaatın üzünə qəsdən, ya səhvən bağlayıbdır. İndi bu vaxtadək Osmanlı padşahının xəlifə adlanmağı böyük bir dəlildir... Daha açıq söyləyəlim: məxsus insanın məişətinə, dünyasına dair qanunlar, ibadətə dair olan qanunlarla bir gücdə saxlanıbdır. Xristian aləmi haman müharibənin zoruna bu qanunları bilmərrə ayırıbdır, yəni xristian ağlı müdam tərəqqi yolunda işlərkən, müsəlman ağlı əski qanunlara kifayət edib paslanmışdır.

İslamın barəsində məzkur bədgüman olanlar demək olar ki, “lojiq”[i] aləmində öz səhvlərini düşünməyirlər. İslam, həqiqət tərəqqiyə, yəni elmə düşmən olsaydı, Bəni-abbasilər İspaniyada olan vaxt tərəqqi yolunda bulunmazdılar; haman ərəblər və haman islam! Əcəba, nə səbəbə o vaxt islam onların elm yolunda tərəqqilərinə mane olmurdu?.. Öz uşaqlarını həlak edən, murdar olmuş heyvanların ətini yeyən, oğurluq, quldurluq ilə dolanan, bir Allahın yerinə min dörd yüz bütlərə səcdə edən əxlaqı büsbütün pozulmuş ərəblərə, əcəba, nə üçün dini-islam gəldi. Əlbəttə, əxlaqı pozğun millətin əxlaqını düzəltmək üçün, yəni ona tərəqqi yolunu göstərmək üçün. Açıq söyləyəlim: bir camaat üçün müəyyən bir din ortalığa gəlirsə, haman camaat səbəb olur, deyilmi? Belə olan surətdə demək olurmu filan din, filan millətin tənəzzülü üçün gəlibdir? Buna bərək gərək deyilə: hər din camaatın tərəqqisi üçün gəlir. Din gətirən, camaatın xeyrini, əlbəttə, nəzərdə tutur... Dini qəbul edib onun intişarına çalışanlar nazik bir nöqtəni anlamaq istəmirlər... Xristian dinini intişar edənlər bir Lüterin çıxmağına səbəb olan kimi müsəlman aləmi də öz Lüterini gözləyir. Bu Lüter gəlib də deyəcək: insan daima tərəqqi yolunda yaşayarkən onun məişəti və ağlı müəyyənləşməlik bir qanuna kifayət edə bilməz. Haman bu mətləbi Məhəmməd peyğəmbər aşkar deyibdir. Yəni hər bir işi ağıla həvalə et. Ağıl nə buyurarsa, ona əməl et... Fəqət iki mənsəb bir vücudda olmaq, yəni zikr olunan müharibənin olmamağı bu gözəl və tam düyünləri açan sözlərin gizlin qalmasına səbəb olubdur.

Sona Bahadırın bu sözlərindən sonra dedi:

- Bəli, haqdır. Günah din gətirəndə deyil, bəlkə dini intişar edənlərdədir...

Bu minvalla Bahadır və Sona hər gün dərsdən sonra bu tövr söhbətlərə ciddi surətdə girişirdilər. Bu nazik mətləblər hər birisinin ürəyinin ən nazik hissli guşəsində yer edirdi. Gündən-günə bunların bir-birinə məhəbbətləri artırdı. Fəqət cürət edib aşkar edə bilmirdilər. Bir neçə saat bir-birini görməsəydilər, hər ikisi qəm dəryasına mübtəla olurdu...

Saat olardı dörd. Nahardan sonra Bahadır pəncərədə oturub qabağındakı meşəyə tamaşa edirdi. Bir tərəfdən otaqdakı bülbüllərin nəğməsi, o biri tərəfdən meşədə axan bulaqların səsi və gərdişin comərdliyi Bahadıra böyük bir ləzzət verirdi. Nökər içəri daxil olub Bahadıra bir şəxs onu görmək istəyir dedi. Bahadır dışarı çıxıb gördü ki, yoldaşı student Alekseydir. Bahadır Alekseyi evə dəvət etdi. Hər ikisi pəncərənin qabağında əyləşib ruzigara tamaşa edirdilər. Bir az fikirdən sonra Aleksey Bahadırdan sual etdi:

- Nə əcəb gəzməyə çıxmırsan?

- Kefim bir az nasazdır, - deyib cavab verdi.

- Səbəb?

- Neçə gündür başım ağrıyır.

- “Tərcüman” qəzetəsinin axırıncı nömrəsini oxudunmu?

- Bəli, oxudum.

- Osmanlı dilinin barəsində yazdığı haqdırmı?

- Haqdır.

- Təəccübdür!

- Nə üçün təəccüb edirsən?

- Çünki hər millət bu zəmanədə çalışır ki, dilini asana çıxarsın, amma onlar get-gedə dillərini dəxi də çətin edirlər.

- Bəli, bu bir naxoşluqdur ki, bizlərə də keçibdir. Bizim əhli-qələm, fikirlərini bu yerə qoyublar ki, inşalarını həmişə fəsahə və bəlağətlə yazsınlar; çünki sadə türk dili ilə yazanları nadan hesab edirlər.

- Aya, görək bü inşaları hamı anlayırmı və camaata nəf gətirirmi?

Bahadır təbəssüb edib cavab verdi:

- Sən elə fikir edirsən bizim əhli-qələmin əksəri bir şey inşa edəndə fikirləri o yerdə olur ki, onların əsərlərindən camaat mənfəətbərdar olsun? Xeyr! Yazanlarımızın əksəri ərəb və fars sözlərini bilməkdə hünərlərini göstərmək istəyirlər. Bundan savayı, bu cür dəxi əhli-qələm vardır ki, özlərini xalqın nəzərində artıq göstərməkdən ötəri şeirlər düzəldirlər. Bu biçarələr gecədə bir qafiyə düzəldib gözəl vaxtlarını puç edirlər. Və dəxi bir parası vardır ki, bu xeyirsiz işlərə bəs etməyib müsəlman millətinə dair mədəniyyət və məişət xüsusində bir para lazım olan məsələləri rus qəzetələrində yazırlar, tainki qeyri millətdən də afərin eşitsinlər.

- Sənin sözünün qüvvəti, keçən il həmin bu söhbəti Tiflisdə eşitdim.

- Yəni necə?

- Keçən il Tiflisdə “Badkubə” adlanan qəstində oturub nahar edirdim. Mən əyləşdiyim otağa 9 nəfər cavan müsəlman gəlib nahar yeməyə məşğul oldular və mədəniyyətdən söhbət edirdilər. Onlardan biri o birisinə dedi: “De görüm, aya, nə məqsudla müsəlman çobanına rusca yazırsan ki, çobanlığı buraxıb elm dalınca getsin?”

Yoldaşları cavab verib dedi ki, “Nə eybi var, qoy qeyri millət də bilsin ki, bizdə də rusca yazanlar var...” Çünki bu tövr cavab onun ağlının naqisliyini göstərirdi. Ona görə mən istədim biləm bu kim ola və hərçənd adını dedilər isə də, amma heyfa ki unutmuşam...

Bahadır dəxi fikir edib tapa bilmədi və bir az fikirdən sonra dedi:

- Bəli, necə ki, əvvəl dedim, müsəlman arasında bu tövr əhli-qələm nəhayətdə çoxdur... Xülasə, safürəkli millət yolunda zəhmətçəkənlər çox azdır. Bahadır bu sözləri deyib durub otaqda gəzindi. Bir az fikirdən sonra Aleksey sual etdi:

- “Kəşkül” qəzetəsi alırsanmı?

- Bura gələndən “Kəşkül”ün üzünü görməmişəm...

- Onun həmişə adətidir: üç ayda bir, ya dörd ayda bir çıxar.

- Günah yalnız onda deyil: Günah bizim müsəlmanlardadır ki, biçarəyə kömək etmirlər...

Bu danışıqda Yusif içəri daxil olub, “Məni bağışlayın” – deyib Bahadıra əl verdi. Sonra Alekseylə dost oldular və Alekseyə üzünü tutub dedi:

- Xoş gəlibsiniz!

Aleksey ikramla baş əydi.

- Nə barədə söhbət edirdiniz? – Yusif deyib sual etdi.

- Söhbətimiz bunların “Kəşkül” qəzetəsinin barəsindədir. Bu qəzetə ayda bir, ya iki dəfə çıxır, - Aleksey cavab verib Yusifə diqqətlə baxdı.

- Doğru buyurursunuz, - deyə Yusif cavab verdi. – Biz Tiflisdə olan vaxtlar mənim qızım türk dili oxuyan vaxt istədi ki, haman qəzetəni alsın. Amma sonradan gördüm ki, həqiqət, gec-gec çıxır, ona görə almadım.

Aleksey cavab verdi, dedi:

- Bahadırın deməyinə görə günah tək qəzetənin mühərrirində deyil və hətta millətdədir; çünki deyir guya müsəlman camaatı qəzetə yazanlara köməklik etmir.

- Bəli, haqdır. Hərgah qəzetə işində millətin köməkliyi olmasa iş qabağa getməz. – Yusif deyib ayağa durdu. – Fəqət onu da deməliyəm, qəzetə verənlərdə də insaf gərəkdir ola...

- Millət necə kömək etsin ki, qəzetə onun nəzərində yalançı bir şey görünür və bir para mollalar qəzetə oxuyanları uşaq və nadan hesab edirlər. – Bahadır dəxi bu sözü deyib qalxdı:

- Buyurunuz zala, - deyib Yusif əli ilə göstərdi. Hamısı zala daxil oldular. Bir az müddətdən sonra Maşo və Sona dəxi gəldilər. Aleksey ilə dost olub hər kəs öz yerində əyləşdi. Aralığa çay gətirdilər.

Hamı xamuş olandan sonra Yusif dedi:

- Bəli, Bahadır bəy! Otaqdakı söhbətimiz nə yerdə qaldı?



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info