Qonaq Kitabı
Səba, əğyardan pünhan, qəmim dildarə izhar et!

 

Səba, əğyardan pünhan, qəmim dildarə izhar et!
Xəbərsiz yarıma, hali-xərabimdən xəbərdar et!

Gətir yadım onun yanında, vər görsən ki, qəhr eylər,
Xəmuş olma, yenə düşnam təqribilə təkrar et!

Könül, qəm günlərin tənha keçirmə, istə bir həmdəm,
Əcəl xabından, əfğanlar çəkib, Məcnunu bidar et!

Çü yox eşq atəşi bir şölə çəksə taqətin, ey ney,
Baş ağrıtma, dəmi-eşq urma, ancaq naleyi-zar et!

Məni rəşk oduna pərvanə tək, ey şəm, yandırma,
Yetər xurşidi-rüxsarın çiraği-bəzmi-əğyar et!

Giriftari-qəmi-eşq olalı azadeyi-dəhrəm,
Qəmi-eşqə məni bundan bətər, ya rəb, giriftar et!

Füzuli, baxmaq olur ol günəş yadilə xurşidə,
Nə vəch ilə kim, olsa gün keçər, fikri-şəbi-tar et.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info