Qonaq Kitabı
Əksi-rüxsarın ilə oldu müzəyyin mirat

 

Əksi-rüxsarın ilə oldu müzəyyin mirat,
Bədəni-mürdəyə feyzi-nəzərin verdi həyat.

Bənzədərdim qədi-mövzuninə fil-cümlə əgər,
Can içində əlif etsəydi qəbuli-hərəkat.

Xət bu məzmun ilədir tərfi-zənəxdanında
Ki, bu zindanın əsirinə yox ümmidi-nəcat.

Kakilin qıldı müqərrər mənə sərgəştəliyi,
Deməsin kimsə ki, var gərdişi-gərdunə səbat.

Qəmzə peykanin edər aşiqə çeşmin sədəqə,
Öylə kim, mərdümi-münim verə möhtacə zəkat.

Afərin cövhəri-məqbulinə kim, aləmdə
Mümkün olmaz bu sifat ilə ki, sənsən bir zat.

Ey Füzuli, vərəü zöhd ilə mötad oldun,
Bilmədin halını, bihudə keçirdin ovqat.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info