Qonaq Kitabı
Qəmdən öldüm, demədim hali-dili-zar sana

 

Qəmdən öldüm, demədim hali-dili-zar sana,
Ey güli-tazə, rəva görmədim azar sana!

İç meyi-nab ki, bağrından edər cümlə kəbab,
Atəşi-eşq ilə, üşşaqi-ciyərxar sana.

Meyi-gülgundə deyil nərgisi-məstin əksi,
Qədəh olmuş, göz açıb, aşiqi-didar sana.

Arizin gül-gül edibdir meyi-gülgün tabi,
Vəh ki, bir güldən açılmış neçə gülzar sana.

Bağə seyr et bu ləbi-ləl ilə kim, qönçəvü gül,
Göstərə xuni-dilü dideyi-xunbar sana.

Der idim qamətinə sərv, vəli, özgə imiş.
Hərəkatü rəvişü şivəvü rəftar sana.

Əyilib tərfi-binaguşinə dərdi-dilimi
Ya o taqin deyə, ya türreyi-tərrar sana.

Ta giriftarinəm: azad ola bilməm qəmdən -
Hiç kim olmasın, ey şux, giriftar sana!

Ləli-nabın həvəsi bağrımı qan eylədiyin,
Ah kim, qanlı yaşım qılmadı izhar sana.

Ey Füzuli, fələkin var səninlə nəzəri
Kim, qəmü möhnətini verdi nə kim var sana.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info