Qonaq Kitabı
Mənə badi-səba ol sərvi-gülrüxdən xəbər verməz

 

Mənə badi-səba ol sərvi-gülrüxdən xəbər verməz,
Açılmaz qönçeyi-bəxtim, ümidim nəxli bər verməz.

Töküb göz yaşını sənsiz həlakim istərəm, əmma
Əcəl peykinə seyli-əşk girdabi güzər verməz.

Gözümdə məskən et, xari-müjəmdən etiraz etmə,
Güli-xəndanə sordum, xarə yar olmaq, zərər verməz.

Əgər can almaq istərsən, tənimdən tiğini kəsmə
Ki, pəjmürdə nihalə verməyincə su səmər verməz.

Qiyas et şəmdən, vəhm eylə çərxin inqilabından
Kim, ol baş almağa qəsd etməyincə taci-zər verməz.

Bəla zimnində rahət olduğun izhar edər xəlqə
Fələk, bihudə xari-xüşkdən gülbərgi-tər verməz.

Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan,
Sədəf su almayınca əbri-niysandan gühər verməz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info