Qonaq Kitabı
FƏLƏKDƏN GİLEY

 

Ey fələk, rəhm elə bir, bax bu nə halət nədi, nə?

Baş-ayaq seyr elə gör bu nə zəlalət, nədi, nə?

 

Dad əlindən sənin, etdin bəni yüz dərdə düçar,

Ruzü şəb verdim olub ahü nəva, naləvü zar.

Fəqr alıb tabü təvanımı dəxi hər nə ki var,

“Özü” fikr ilə salıbsan, bu xəyalət nədi, nə?

 

Əriyib büteyi-ömrüm, tən olub xakistər,

Mənə aləmdə bu bir parça çörək oldu zəhər.

Xoş bu növ ilə dolanmaqdan isə nari-səğər,

Endirirsən mənə yüz tənü şəmatət, nədi, nə?

 

Ey fələk, kaş nola bir yetə eyvanına əl,

Cəng uram ta ki, giribanına bən, ey bəd əməl,

Soruşam ta ki, bənimlə nədi bu rəddi-bədəl?

Göstərirsən bənə bu hövli-qiyamət nədi, nə?

 

Eyliyibsən bəni pabəndi-əyali-zarə,

Yandırıb yaxmısan aləmdə bəni odlarə.

Həm tüfeyli eyləyibsən bəni hər biarə,

Söylə bircə bu qədər bənlə ədavət nədi, nə?

 

Yox məgər zərrəcə insafü mürüvvət səndə,

Eyləyibsən bu cihan içrə bəni şərməndə.

Deyil, anla, sənə hərgiz bu əməl zibəndə

Kim, bənimlə edəsən boylə zərafət nədi, nə?

 

Hər dənizadəyə əl açmağa məcbur elədin,

Bəni hər süfləyə pamal eləyib mur elədin.

Yazığın gəlməyib əsla, nə qədər cür elədin.

Yanaram, Tanrı bilir, suzü hərarət nədi, nə?

 

Yox vəfa səndə, fələk, sinəmi qıldın min çak,

Edəcəksən bəni bu təng məişətlə həlak.

Həq bilir, eyləmərəm mərgdən əsla bən bak,

Mərg xoşdur bənə, xoş, öylə əsarət nədi, nə?

 

Hər qədər kəsbdə bən eyliyirəm səyü təlaş,

Nə qədər naxuni-qeyrətlə edib sinə xəraş.

Cəhd edib, istiyirəm ta düzələ əmri-məaş

Sən vurursan dilə hər ləhzə cərahət nədi, nə?

Ey fələk, kaş bu könlüm kibi viran olasan,

Bax bu qəlbim kibi bir dəmdə dönüb qan olasan.

Dağıla tağınü bu xakilə yeksan olasan,

Yox məgər bir bu qədər zülmə nəhayət, nədi, nə?

 

Qarğıyım hansı dil ilə sənə ey məkkarə,

Sən də yan bən kibi, ey dun, görüm odlarə.

Görmürəm hər yana meyl eyləyirəmsə, çarə,

Kövkəbi-bəxtdə bu nəhs, bətalət nədi, nə?

 

1903

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info