Qonaq Kitabı
EY KÖNÜL

 

(“Arı” jurnalının 13-cü nömrəsində Çakərə... nəzirə)

 

Ağla, məndil al ələ, bu gün xəzandır, ey könül!

Getdi ehsanlar, qonaqlıqlar, fəğandır, ey könül!

 

Ərbəin keçdi, vəfat etdi, gedib bayram da həm,

Qapladı dünyanı bir qarə buluttək dərdü ğəm.

Hər yanı dutmaqdadır aclıq bəlası dəmbədəm,

Təkyələrtək boş qalan indi qazandır, ey könül!

Ağla, məndil al ələ, bu gün xəzandır, ey könül!

 

Çıxmış on üç şahıya sarı yağın girvənkəsi,

Beş manata heç tapılmır Lənkəran aküləsi.

Rövzəxanların müxalif dövrünə qalmır səsi.

Müftəxorluq getdi əldən, əl-amandır, ey könül!

Ağla, məndil al ələ, bu gün xəzandır, ey könül!

 

Ot putu dörd abbası, saman putu bircə manat,

Bu bahalıqda gərəkməz saxlamaq eşşək və at.

Molla, var isə ulağın, durma qaç, cəld elə, sat.

Çünki qaldıqca belə heyvan, ziyandır, ey könül!

Ağla, məndil al ələ, bu gün xəzandır, ey könül!

 

Gəncədə çox qıtdı bu saət qəzet-məcmuələr,

Bir qəzet dükkanı yox, heyfa ki, olaq bəxtəvər.

Bəxtəvərdir bizlərə baxdıqda ol bakulilər,

Var “Səda”, “Arı”, “İşıq”, açıq dükandır,

 ey könül!

Ev, küçə, ambar dolu jurnal yazandır, ey könül!

 

Məzhəkə jurnalı qoymuş “Arı” jurnalı adın,

Yazmayacaqmış belə bir mədhiyyə, bir bəhsi-din,

Çox töküb istot fəqət bozbaşə, azdırmış dadın.

Aşpəzi Çakərdi, şüğlü rövzəxandır, ey könül!

Ağla, məndil al ələ, bu gün xəzandır, ey könül!

 

Bilməyirmi, bilmirəm, “Arı”, nədir məslək, 

filan?

Gülgü adı, mədhiyə o zadı, həm yaxşı-yaman.

Məsxərə jurnalı harda, hardadır gör rövzəxan?

Gör mühərrir kimdi, şair kim, nə zamandır,

ey könül!

Ağla, məndil al ələ, bu gün xəzandır, ey könül!

Əsrə, mətbuatə bax, hankı zamandır, ey könül!

Nə canhacandır, ey könül!

Mətləb cibişdandırmı, de?

Məqsəd nihandır, ey könül!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1911, N 15.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info