Qonaq Kitabı
MÜXTƏSƏR

 

Molla, qulağın mana versən əgər,

Söyləyərəm bir neçə dadlı xəbər.

Başını ağrıtmayacağam uzun,

Hər nə danışsam, edərəm müxtəsər.

Əvvəl onu bil ki, bizim el genə,

Qatqarışıqdır, qudurub çoxlu xər.

Bir dənə seyyid belə şeytan olub,

Bunca bacarmaz yenə şeytan, hünər.

Bir neçə məmur dönüb yolçuya,

Fahişələrdən də umur simü zər.

Bir nəfər amir, uyub iblisə, o,

Başına xəlqin də gətirmir nələr.

 

Bir şələ saqqallı, papaqlı qazı,

Pişinə qıldan çəkir elmin çəpər.

Məktəbə hərgiz verə bilməz deyir:

Mollanın ehsan pulunu bir nəfər.

Ehsan ibarətdi plovdan, deyir,

Hacı və molla da yeyib gərnəşir.

Yoxsa bu bijxanələrə sərf edib,

Ehsanın eylərmi müsəlman hədər?

Bircə o məktəblərə vermək olar

Kim, orada adəm olur sırf xər.

Bir də verim mən sənə bir muştuluq,

Yekcə zabastovka edib kəndlilər.

İşlərini cümləsi əldən qoyub,

Həbsə alınmış hələ qırx beş nəfər.

Kəndlilərin yavruları ağlaşır.

Şadü fərəhnak gülür mülkədar.

Məğzini işbu xəbərin bilmədik,

Bildirərəm sonra, qalarsam əgər.

 

Bir də ki, ay Molla, dəxi qorxuram,

Ac və çörəksiz qala bir gün Cəfər.

Oğruluq, əlhəmd ki, az olmayır,

Acmı qalar pak müsəlman məgər?

İç, nə işin bunlar ilə, ay dəli?

Yanmayacaqsan, yana dünya əgər.

Qəmlərini çəkməməli axmağın,

Xəlq eliyən şəxs özü dərdin çəkər.

Boylə də lazımdır elə doğrudan,

Bəs niyə çəkmir qəmi molla Bəqər?

Molla dedim, yadıma düşdü genə,

Molla Hacı İsmayıl şiri-nər.

Köhnələr arvadlarını tullayıb,

Tazədən ömrün elədi tazə-tər.

Bir qız alıb yaşı tamam on iki,

Müftə, suyu qiymətinə, bəxtəvər.

İştə, mübarək bu cavanın toyu,

Kamə yetirsin çuçuğu dadgər.

Yaxşı deyildir işi etmək diraz,

Molla, bağışla uzun oldu bir az.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1911, N 13.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info