Qonaq Kitabı
KEÇƏRMİŞ

 

Hər gunə mal olsa, bu vilayətdə, keçərmiş,

Hər cür çürümüş olsa, nəhayətdə, keçərmiş.

 

Adəm özünü bir neçə rəngə boyar imiş,

Gah başına fəs, gahi “silindr” qoyar imiş.

Hər dəfə də bir növ ilə xəlqi soyar imiş,

Boyaqçı, sarıqçı işi qayətdə keçərmiş,

Hər gunə mal olsa, bu vilayətdə keçərmiş.

 

Yazmamış ağa bir qəzeti, ya ki, kitabı,

Elan buraxıb, xəlqə edərmiş də xitabı.

Doldurmaq imiş boylə cibişdanı, şitabı.

Bazari-ticarətdə bu adət də keçərmiş,

Hər gunə mal olsa, bu vilayətdə keçərmiş.

 

Dəvayə vəkil olmaq olarmış, bu qəbulim,

Dövlət də qazanmaq olar imiş, bu da təslim.

Ancaq bunu dərk etməyi yarə bacarar kim?

Hatəmləri kim yetsə səxavətdə keçərmiş,

Hər gunə iş olsa, bu vilayətdə keçərmiş.

 

Molla olar imiş birisi, həm də müəllim,

Vaiz, həmi də mərsiyəxanü mütəkəllim.

Çavuş, həm cindar, duaçı və münəccim,

Min pişəli, kəm mayəli adətdə keçərmiş,

Hər gunə mal olsa, bu vilayətdə keçərmiş.

 

Hərgah birisi olsa imiş sahibi-sərvət,

Onda olamazmış ədəbü rəhmü mürüvvət.

Hətta ona baş əyməli imiş hamı millət,

Gər olsa zəlalətdə cəmaət də, keçərmiş,

Hər gunə mal olsa, bu vilayətdə keçərmiş.

 

İslam olan aləmdəki qışqırtıya baxmaz,

Gözlərdə yaşa, qəlbdə işqırtıya baxmaz.

Bir böylə gurultu, belə partıltıya baxmaz,

Baxsa, gözünün nuri o səatdə keçərmiş,

İşlər də bətalətdə, səfalətdə keçərmiş,

Hər gunə iş olsa, bu vilayətdə keçərmiş.

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1911, N 11.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info