Qonaq Kitabı
DADI YOXDUR

 

Hər yerdə bizim hacı Qulamın adı yoxdur,

Kasıb kişidir, dövləti, heç bir zadı yoxdur.

 

Vardır nə pulu, mülkü, nə də cahü cəlalı,

Özgə hacılar tək nə də var vizrü vəbalı,

Ancaq budur aləmdə onun fikri xəyalı

Kim, hacı Həsən tək niyə dörd arvadı yoxdur,

Kasıb kişidir, dövləti, heç bir zadı yoxdur.

 

Çoxdandı düşüb fikrinə bir mahliqanın,

Aludə olub eşqinə bir huri-cəhanın.

Var isə də üç arvadı yüz yaşlı cəvanın,

Əsla, üçünün bircə qəpiklik dadı yoxdur,

Kasıb kişidir, dövləti, heç bir zadı yoxdur.

 

Lap qonşudadır sevdiyi bu mömini-pakın,

Əllərdə qalıbdır yaxası, sinəsi çakın.

Hansı daşı salsın başına canı həlakın,

Var fürsəti yarın görə, nə imdadı yoxdur,

Biçarə, yazıq, bijliyi, fəndi-zadı yoxdur.

 

Molla, nədi bəs çarəsi bu dərdi-nihanın,

İstəklisi sənsən iki-üç arvad alanın.

Divanəsidir hacı o leylayi-zəmanın,

Adı, dadı, imdadı, onun arvadı yoxdur,

Kasıb kişidir, dövləti, heç bir zadı yoxdur.

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1911, N 8.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info