Qonaq Kitabı
İŞƏ KEÇMƏZ

 

Keçmiş dəxi keçdi, bu kəmalın işə keçməz!

Moddan düşüb indi, belə malın işə keçməz!

 

Keçmişdəki xoş günlərini salma xəyalə,

Soncuqlama, oynaqlama, şıllaqlama dalə,

Sat mazini ayəndəyə, ayəndəni halə,

Hal əhli deyilsənsə, bu halın işə keçməz.

Moddan düşüb indi, belə malın işə keçməz.

 

Ətrafını ənvari-ədalət bürüyübdür.

Kaşaneyi-zülmü dağıdıbdır, sürüyübdür,

Bazarə çıxarma, bu mətaın çürüyübdür,

Əski əməlin, əski məqalın işə keçməz.

Moddan düşüb indi, belə malın işə keçməz.

 

Ey şəbpərə, gün çıxdı, işıqlandı, fərar ol!

Meydani-təcəddüddə durub qalma, kənar ol!

Gizlən o xəfəxaneyi-müzlimdə qərar ol.

Get, get! Qocalıbsan, məhü salın işə keçməz.

Moddan düşüb indi, belə malın işə keçməz.

 

Girəm ki, sənindir hələ bazari-ticarət,

Ağnaşmadadır üstünə bielm cəmaət.

Bir gün olar onlar da qanar sudü xəsarət,

Qıjqırmış aşın, qıllı motalın işə keçməz,

Moddan düşüb indi, belə malın işə keçməz

 

El, tazə həvalər, yeni sözlər sevir indi,

Bir özgə nəva, özgə sədalər sevir indi,

Atəşli könül, yanıqlı dillər sevir indi.

Çalma, dəxi, bu zurna-qavalın işə keçməz!

Bifaidədir cəngü cidalın, işə keçməz!

Tasın, düyünün, hərzlə falın işə keçməz!

Moddan düşüb indi, belə malın işə keçməz!

 

 

Şəmşir

“Zənbur”, 1910, N 19.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info