Qonaq Kitabı
DİRHƏMÜ DİNARDƏN ÖZGƏ

 

Yox bir əməlim, dirhəmü dinardən özgə

Vardır nə qəmim möhnəti-didardən özgə.

 

Dünyadə həvəskariyəm ol simü zərin mən,

Dildadəsiyəm dürr ilə ləlin, göhərin mən.

Pərvərdəsiyəm valideyi-bəxtəvərin mən,

Yox dildə qızıldan yana, göftardən özgə,

Yox bir əməlim, dirhəmü dinardən özgə

 

Tək bir quruşa aləmi tarac edərəm mən,

Min-min ürəyi oxlara amac edərəm mən.

Yüz millət ola kəndimə möhtac edərəm mən.

Qoymam qala əynindəki şalvardən özgə,

Yox bir əməlim, dirhəmü dinardən özgə

 

İnsanlara hörmət nədi, rəhmət nədi, bilməm,

Miskinlərə, yoxsullara hörmət nədi, bilməm.

Bu canlara ülfət nədi, rəfət nədi, bilməm,

Biganəliyimdir, mənim əşrardən özgə,

İstəklilərim yoxdu bədəfkardən özgə.

 

Quldur-qoçular mərhəmətimdən iraq olmaz,

Qatil, qan içənlər də evimdən uzaq olmaz.

Hörmət bu qədər bəsdi, daha artıraq olmaz,

Zalimlərə, fasiqlərə, bədkardən özgə,

Hər şey varımızdır, quru bir ardən özgə,

Yox bir əməlim, dirhəmü dinardən özgə

 

 

Şəmşirək

“Zənbur”, 1910, N 18.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info