Qonaq Kitabı
ANNAMIRAM

 

Mən annamıram, bilmirəm insan nə deməkdir!

İnsan hələ insandı, bə heyvan nə deməkdir!

 

Bəzi deyir insan kimi heyvan danışır, mən:

Məbhutəm, heyran, bu nə hədyan, nə deməkdir?

 

Seçdik hələ insanlığı, heyvanlığı, bəs bu,

Quldur nəmənə, quli-biyaban nə deməkdir?

 

Qurd, ayı olurdu, dolanırdı meşələrdə,

Bunlar nə demək, şəhr, dəbistan nə deməkdir?

 

İndi sənə qurban olum, ay sevgili qare,

Söylə mənə sən bəs bu musurman nə deməkdir?

 

Çaqqal qoyunu parçalayır dişləri ilə,

İnsandakı xəncər nədi, dəndan nə deməkdir?

 

Ax, bidamar insan, bu nə adət, nə ədadır,

İnsanlığı qan, gör də müsəlman nə deməkdir?

 

Cani! Səni təfriq edəməz qurd ilə heç kim,

Qurbani-tüfəngin olan ixvan nə deməkdir?

 

Tüf qeyrətinə, sən də ki, iman yox imiş nə,

Namus nə, insaf nə, vicdan nə deməkdir?

 

 

Şəmşir

“Zənbur”, 1910, N 3. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info