Qonaq Kitabı
QUMARIN LƏZZƏTİ

 

Kim deyir artıq deyil meydən qumarın ləzzəti?

Ya səfabəxşa deyil bu zəhrimarın ləzzəti?

Udsa da, uddursa da, var bu şüarın ləzzəti,

Yox, buna olmaz əvəz hər işvəkarın ləzzəti,

Getməyir əsla dəmağımdan qumarın ləzzəti.

 

Oldu qəvta ki, mühəyya məclisi-virtuşka, banq,

Ortalıq filfövr pul ilə dolur zanqa-zaranq.

Gah gəlir, gahi gedir, axırda qalmır bir franq,

Onda gəl gör dadlıdır bu, ya xumarın ləzzəti,

Getməyir əsla dəmağımdan qumarın ləzzəti.

 

Bircə saətdə hərifin dördünü nabüd edir,

Kisəni simü zər ilə doldurub, xoşnud edir.

Kim ki, bu sevdadadır, minlərlə ildə sud edir,

Bir belə nəfi olur və ehtikarın ləzzəti,

Getməyir əsla dəmağımdan qumarın ləzzəti.

 

Bax bu sənətdən özüm mən bir neçə mülk almışam,

Həm qızıl saət, sipiçqə, çərkəzi börk almışam,

Bir dənə zərrin kəmər, astarı xəz kür almışam!

Hansı baqqalında var, bu bəxtiyarın ləzzəti?

Getməyir əsla dəmağımdan qumarın ləzzəti.

 

Gah olur, ittək hürür bir dəfə yoldaşın əli,

Boş qalır başım kimi, bir dəmdə yoldaşın əli,

On verir, beş verməli ikən, bu çaş-başın əli,

Keflidə hərgiz tapılmaz bəd qumarın ləzzəti,

Getməyir əsla dəmağımdan qumarın ləzzəti.

 

Ləzzəti yox udmanın, var ləzzəti uddurmanın,

Titrətmə, öskürmə bir yanda, ocaqdır bir yanın,

Əsnəmə, gərnəşmə əl çəkməz, çıxar guya canın,

Hansı pünhanındadır bu aşikarın ləzzəti?

Getməyir əsla dəmağımdan qumarın ləzzəti.

 

Gəncədə yaxşı tərəqqidə qumarbazın işi,

Qış: gecə-gündüz görülsün beş yayın-yazın işi.

Girli pul lazım, deyil amma azın-mazın işi,

Xalları ovcumdadır, var bunda varın ləzzəti,

Getməyir əsla dəmağımdan qumarın ləzzəti.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1910, N 38.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info