Qonaq Kitabı
DABANI ÇATDAX XALAYA!

 

Dəxi bundan sora sən bir də qırıldatma, xala!

Atılıb ortalığa düşmə, fırıldatma, xala!

Ölçə-ölçə əlini, qollarını atma, xala!

Söylənib çox, gözünü, ağzını oynatma, xala!

Vermərəm sözlərinə bircə çürük qatma, xala!   

 

Ay başı küllü, dabanı iki yerdən çatdax!

Üstü-başı tökülüntü, əl-ayağı batdax!

Ölü, tənbəl, vecə gəlməz, qoca, köhnə fartdax.

Xanım oldunmu, səsin gəlmir? Aldatma, xala!

Vermərəm sözlərinə bircə çürük qatma, xala!   

 

Bilmirəm həccə gedibsənmi, ki gəlmir xəbərin?

Ya gedibsənmi o dünyayə, uzaqdır səfərin?

Ya düşübsən əlinə hacı Vəli Piləvərin

Necə işdir, mən ölüm, söylə, yalan satma, xala!

Vermərəm sözlərinə bircə çürük qatma, xala!   

 

Pəs nə oldu ki, yazırdın bizə əhvalınızı?

Bildirirdin həvəsü xahişü amalınızı?

Qorxur isən yolalar yoxsa ki ağ yalınızı!

Qorxulu sözləri sən də yazına qatma, xala,

Vermərəm sözlərinə bircə çürük qatma, xala!   

 

Sən demirdinmi gərək arvada hürriyyət ola,

Elm ola, məktəb ola, fənn oxuna, sənət ola,

Bamüsavi hamı, istər ər ola, övrət ola?

Mən demirdimmi çəkil, beynimi laxlatma, xala!

Vermərəm sözlərinə bircə çürük qatma, xala!   

 

Deyəsən indi xəcalət çəkiyorsən sözünə,

Qayıdırsan dalı, lənət oxuyursan özünə,

O gurultu bumudur? Daş başına, kül gözünə,

Üstünü bax, açılar, bir də qımıldatma, xala!

Vermərəm sözlərinə bircə çürük qatma, xala!   

 

Atılıb çıxdınız ortalığa kibrit kimi,

Girdiniz tez genə çadırşəbə ifrit kimi...

Gəldi bir səs, sora nazildi dalı fit kimi,

Yağmıya-yağmıya bihudə guruldatma, xala!

Bu xəcalət tərinə bizləri islatma, xala!

Qucuyub dizlərini, əllərini çatma, xala!

Sallayıb dimdiyini, mürgülüyüb yatma, xala!

 

 

Köhnə dostun Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1910, N 35.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info