Qonaq Kitabı
VƏQTDİR

 

Gəldi orucluq, genə bir fənd elə,

Söhbətinə aləmi həsbənd elə.

 

Aç dəhəni-pakını, eylə nisar,

Məxzəni-sinəndə nə cövhər ki, var,

Ləli-Bədəxşanü düri-şahvar,

Məclisi çün qəndi-Səmərqənd elə,

Söhbətinə aləmi pabənd elə.

 

Vədeyi-cənnət verib əyanlara,

Bəxş elə huriləri nadanlara.

Cud ilə can ver bu yarımcanlara,

Möcüzi-isalara manənd elə,

Söhbətinə aləmi həsbənd elə.

 

Fikrini vəzinlə qarışdırgilən,

Yatma özün, xəlqi yatışdırgilən.

Bir-birə dünyanı qarışdırgilən.

Lənəti təkfir ilə peyvənd elə,

Söhbətinə aləmi həsbənd elə.

 

Sövq elə tayifəni yatmağa,

Cəhd elə yuxlatmağa, allatmağa.

Soymağa, çulbəndinə əl qatmağa,

Boş söz ilə onları xürsənd elə,

Söhbətinə aləmi həsbənd elə.

 

Ərzu səma, lövhü qələmdən danış,

Ağ dəvədən, baği-irəmdən danış.

Lap düzü, dinarü dirəmdən danış,

Şivəni bir tövr xoşayənd elə,

Söhbətinə aləmi həsbənd elə.

 

Əlqərəz, aç söhbəti ehsandan,

Söylə bütün firni, fisincandan.

Kəlmə demə elmdən, ürfandan,

Həm də qəzet, jurnala rişxənd elə,

Söhbətinə aləmi həsbənd elə.

 

İşləmə əbnayi-müsəlman üçün,

Məsəleyi-məktəbi-nisvan üçün.

İşlə fəqət nəfi-cibişdan üçün.

Qəsbi-hüquqi-zənü fərzənd elə,

Yığ hamını bir dama qat, bənd elə

Molla kişi, moizə qıl, pənd elə.

Hiylə elə, bijlik elə, fənd elə,

Söhbətinə aləmi həsbənd elə.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1910, N 32.

 

 

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info