Qonaq Kitabı
YORĞUNLAMIŞIQ

 

Hər sözü söyləmişik, hər işi sahmanlamışıq,

Salmışıq qaidəyə, düzləmişik, yanlamışıq,

Gecəni, gündüzü əlləşmədə buzğunlamışıq,

Ölən öldü, qalanın dərdini dərmanlamışıq,

Dəxi bəsdir, dəxi bəsdir, dəxi yorğunlamışıq.

 

Budur indi neçə ildir elə gündə çalışıb,

Bulaşıb zəhmətə, nari-qəmü dərdə alışıb,

İşləyib, can çürüdüb, yaxşı-yəmanə qarışıb,

Yetirib milləti sərmənzilə, samanlamışıq!

Dəxi bəsdir, dəxi bəsdir, dəxi yorğunlamışıq.

 

Qayeyi-fikrimiz əhyayi-dili-ümmət idi,

Pişrəftü bəqayi-vətənü millət idi,

Cəhdimiz, himmətimiz mətləb idi, sənət idi.

Arzu aşı bişib, dəmdədi, qazğanlamışıq,

Dəxi bəsdir, dəxi bəsdir, dəxi yorğunlamışıq.

 

Neçə məktəbimiz var, neçə cəmiyyətimiz,

Zərimiz, zivərimiz, qüvvətimiz, qüdrətimiz,

Oldu bu yolda bütün sərf bizim qeyrətimiz.

Şükr, sərf oldusa da müşkülü asanlamışıq,

Dəxi bəsdir, dəxi bəsdir, dəxi yorğunlamışıq.

 

Bitirib şəhrlərin hər cürə iş-güclərini,

Yığmışıq kəndlilərin məktəbə biveclərini,

Oğru, əyri, dələduz, giclərini, biclərini,

Can alan, qan axıdanlarını zindanlamışıq,

Dəxi bəsdir, dəxi bəsdir, dəxi yorğunlamışıq.

 

Bir nəfər zalimə məzlumdən olmubdu zərər,

Əğniyayə füqəradən nə olub xofu xətər,

Adət üzrə yetişib gündə bizə qanlı xəbər,

Öləni quylamışıq, öldürəni danlamışıq!

Gücsüzü tapdamışıq, güclünü mehmanlamışıq.

 

Qalmayıb bir işimizdə deyəsən zərrə qüsur,

Etmişik gözlərini düşməni-bədbinin kur,

Cümləmiz elmli, sənətli, xüdavəndi-şüur

Mədəniyyət nə, tərəqqi necədir? Anlamışıq,

Dəxi bəsdir, dəxi bəsdir, dəxi yorğunlamışıq.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1910, N 29.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info