Qonaq Kitabı
NƏZM

 

Çıxma səhrayə, dikanlar vardır,

Gəzmə çün sayə, yilanlar vardır.

 

Bu neyistanə gəlib girməməli,

Bu təmaşayı baxıb görməməli.

Hələ ömr eyləməli, ölməməli,

Çünki bir özgə zamanlar vardır,

Gəzmə çün sayə, yilanlar vardır.

 

Demə bu ölkə müsəlmanlıqdır,

“Həbəş ormanlığı, heyvanlıqdır”.

Mülkədarlıq, ağalıq, xanlıqdır,

İti xəncər pəhləvanlar vardır,

Gəlmə bu yanə, yilanlar vardır.

 

Gürcülər içrə qalıb, rahət elə,

Gözəl insanlar ilə ülfət elə.

Nə gəlib gör bizi, nə lənət elə,

Nə də gör yaşlı cəvanlar vardır,

Gəzmə çün sayə, yilanlar vardır.

 

Nə işin var, baba, Bakudə sənin,

Qələdə, Gəncədə, hər sudə sənin

Meşədə, qəryədə, həm kudə sənin,

Tökülən su kimi qanlar vardır,

Gəzmə çün sayə, yilanlar vardır.

 

Ya deyirsənmi rəcəbdir, şəban,

Gəlir ardınca bunun da rəməzan.

Olacaqsan gedibən mərsiyəxan,

Sana yer yox, neçə canlar vardır.

İki min mərsiyəxanlar vardır.

 

Əcəba, səndə o təqrir hanı?

Hər sözü tərsinə təfsir hanı?

Aləti-hərbeyi-təkfir hanı?

Nə qədər yaxşı-yamanlar vardır,

Neçə imanı satanlar vardır.

 

Varisi-məsnədi-peyğəmbərimiz,

Zinəti-məscidimiz, minbərimiz,

Ağamız, sahibi-taci-sərimiz.

Hacı Mir molla filanlar vardır,

Yaşıl əmmamə qoyanlar vardır.

Nizəvü tirü kəmanlar vardır,

Gəzmə çün sayə, yilanlar vardır.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1910, N 28.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info