Qonaq Kitabı
BAX!

 

Ay könül, aç didəni, hər yanə bax!

Əsrə bax, ovqatə bax, dövranə bax!

Bir dayan, Təbrizə bax, Tehranə bax!

Əlqərəz, İranə bax, viranə bax!

 

Rəştə bax, Qəzvinə bax, Kaşanı gör,

Məşhədə, Şirazə bax, Kirmanı gör,

Ənzəli, Behşəhrə bax, Zənganı gör,

İsfahanə qıl nəzər, Gilanə bax!

Əlqərəz, İranə bax, viranə bax!

 

Baxgilən məşrutəyə, hürriyyətə,

Alimə, alimliyə, ünsiyyətə,

Hiyləyə, təzvirə, iblisiyyətə,

Sonra da bir firqeyi-şeytanə bax!

Əlqərəz, İranə bax, viranə bax!

 

Gör nə meydangir olubdur köhnələr,

Hər biri bir əjdəha, bir nərrə xər,

O nə əmr eylər, bu nə ifa edər,

Hakimi-Gilanə bax, Tehranə bax!

Əlqərəz, İranə bax, viranə bax!

 

Gah olur iranlılar məşrutəçi,

Etidaliyyun, gəhi məşruəçi,

Əsl istibdadçı, məxrubəçi.

Müctəhid, mollanı gör, əyanə bax!

Əlqərəz, İranə bax, viranə bax!

 

Gəh mücahiddir görürsən qəhrəman,

Gahi bir cəlladi-zalim, şarlatan,

Gah elə, gahi belə, gahi filan,

Məsləkə, imanə bax, vicdanə bax!

Əlqərəz, İranə bax, viranə bax!

 

Təsliyətbəxşa deyil yarın işi,

Daxilü xaricdə əğyarın işi,

Düz deyil hətta Sipəhdarın işi,

Məmləkətdə kanə bax, kənkanə bax!

Rusə bax, İngiltərə, Almanə bax!

 

İrticaə zidd imiş “İrani-no”,

“Şərq” tənqid eyləyirmiş nobəno,

Xainin tənqid eyləyirmiş mubəmu,

Bağlanır yeksər qəzet, çapxanə, bax!

Əlqərəz, İranə bax, viranə bax!

 

Bu necə məşrutədir, nə əncümən?

Həp rəisi molla, əzası gühən,

Bülbüli-şeydaləri zağü zəğən,

Bənzəyir bir şəhri-hiçistanə, bax!

Ey könül, bu mülkə bax, divanə bax!

Daima dərdindən ol divanə, bax!

Əlqərəz, İranə bax, viranə bax!

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1910, N 22.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info