Qonaq Kitabı
MƏNİM SEVDİYİM

 

Bir gözəl insandı mənim sevdiyim,

Cismimə bir candı mənim sevdiyim..

 

İl uzunu dərdini çəkməkdəyəm,

Aylar ilə göz yaşı tökməkdəyəm;

Aşiqiyəm, boynumu bükməkdəyəm.

Dərdimə dərmandı mənim sevdiyim!

Bir gözəl insandı mənim sevdiyim!

 

Bığları sünbül, yanağı lalədir,

Telləri qırxıx, qabağı malədir,

Saqqalı gül, fırtılığı jalədir,

Peysəri qalxandı mənim sevdiyim,

Bir gözəl insandı mənim sevdiyim.

 

Qaşı oraxdır, başı çəprəngədir.

Kipriyi oxdur, səsi berdənkədir,

Ağzı çərək, burnu da girvənkədir.

Rəngi badımcandı mənim sevdiyim!

Bir gözəl insandı mənim sevdiyim!

 

Qarnı xaşal, qurşağı örkən kimi,

Gözləri göy, sinəsi xərmən kimi,

Həm uzunu, həm eni bəhmən kimi.

Rüstəmi-dəstandı mənim sevdiyim!

Bir gözəl insandı mənim sevdiyim!

 

Məşhədi, molla, hacı nəqqaldır,

Molla Nəbi, beyzeyi-dəccaldır,

Qəlbi qara, qırmızı saqqaldır.

Quli-biyabandı mənim sevdiyim!

Bir gözəl insandı mənim sevdiyim!

 

Həsrətini yarımın alman çəkir,

Rus, italyan hərə bir yan çəkir,

Şah belə, sultan belə, bəy, xan çəkir,

Hər baxışı qandı mənim sevdiyim!

Bir gözəl insandı mənim sevdiyim!

 

Hind, Buxaradadır, Əfğandadır,

Çinü Kiridü Həbəşistandadır,

Fasdə, hər yandadı, İrandadır.

Kabla Süleymandı mənim sevdiyim!

Bir gözəl insandı mənim sevdiyim!

 

Bir malades versən evindən çıxar,

Bir “prixod” alsa, dinindən çıxar.

Bircə manata vətənindən çıxar.

Molladı, bəy, xandı mənim sevdiyim!

Bir gözəl insandı mənim sevdiyim!

 

Özgələrə millətini basdırar,

Gənc həvəskarların asdırar.

Özlərini özləri qan qusdurar.

Dininə düşmandı mənim sevdiyim!

Qanına qəltandı mənim sevdiyim!

Nütfeyi-şeytandı mənim sevdiyim!

Bir sürü heyvandı mənim sevdiyim!

Bir gözəl insandı mənim sevdiyim!

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1910, N 20.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info