Qonaq Kitabı
QOYMA HA!

 

Molla, özün işləri təsvib qıl,

Lənətə gəlmişləri tədib qıl.

 

Lap yekəlib tazələr artmaqdadır,

Köhnələri dərdi saraltmaqdadır.

Məktəbə səbyanları dartmaqdadır.

Olma riza, layihə tərtib qıl,

Lənətə gəlmişləri tədib qıl!

 

Millət uyub onlara, azğınladı,

Fikr, əqidə, hamı pozğunladı.

İş böyüdü, mərəkə qızğınladı,

Lən ilə, təkfir ilə təzib qıl,

Lənətə gəlmişləri tədib qıl!

 

Yığ başına Bakı revolbazların,

Gəncə, Nuxa, Qələ qumarbazların.

Həm İrəvan məscidi qanmazların,

Əmr ilə bir xanəli təxrib qıl,

Lənətə gəlmişləri tədib qıl!

 

Möminə böylə yaşamaq ardır,

Rahət olarmı o ki, dindardır.

Mətləbimiz dirhəmü dinardır,

Eylə kərəm, pulları dərcib qıl!

Lənətə gəlmişləri tədib qıl!

 

Müşkülə salma işi, təhsil elə,

Eylə danos hakimə, təcil elə,

Səy elə, imanını təkmil elə.

Mollasan, əxlaqını təhzib qıl,

Mömin, özün işləri təsvir qıl!

 

Çəkmə cəmaətdən ötür dərdi-sər,

Çək özünə elmü fünunun çəpər,

Sazla cibişdanını, ol bəxtəvər,

Kəndini məclislər üçün zib qıl,

Lənətə gəlmişləri tədib qıl!

 


Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1910, N 17.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info