Qonaq Kitabı
GÜLMƏYİM GƏLİR

 

Gördükcə qilü qalınızı, gülməyim gəlir!

Etdikcə seyr halınızı, gülməyim gəlir!

 

Gördükcə elmə, sənətə sizdə birudəti,

Duyduqca qəlbinizdəki kini, küdurəti,

Bir yanda ittifaqı, o biri yanda xüsuməti,

Bir yanda da zəvalınızı, gülməyim gəlir!

Etdikcə seyr halınızı, gülməyim gəlir!

 

Gördükcə hökmran sizə alimnümaləri.

Zülmatə sövq edən cühəla rəhnümaləri.

Düzdi-təriqi, rast olan hər gəncnümaləri.

Həm də yeni xəyalınızı, gülməyim gəlir!

Etdikcə seyr halınızı, gülməyim gəlir!

 

Söylə, bica deyilmi edən xəndə, qəhqəhə,

Etdikcə sən sitayiş özündən də əbləhə?

Həm aldanıb quru sözə, bisud pəhpəhə

Verdikcə mülkü, malınızı, gülməyim gəlir!

Etdikcə seyr halınızı, gülməyim gəlir!

 

Cadu, duanəvisilə etdikcə iftixar,

Etdikcə tasbaz və cindarə etibar,

Əfsaneyi-qələndərə olduqca guşdar,

Açdıqca molla falınızı, gülməyim gəlir!

Etdikcə seyr halınızı, gülməyim gəlir!

 

Gördükcə sizdə sirqətü qətlü dənaəti...

Pamali-zülm, irzü hüquqi-cəmaəti...

Həm bir tərəfdə zöhd, nəmazü itaəti,

Həm xirqə, həm də şalınızı, gülməyim gəlir!

Etdikcə seyr halınızı, gülməyim gəlir!

 

Bir yanda pənd, moizə, bir yanda girdar,

Hər yan nifaqü təfriqə, hər yanda intihar,

Mənbərdə molla, yerdə də cibgirü hiyləkar,

Gördükcə infialınızı, gülməyim gəlir!

Həm söhbətü səvalınızı, gülməyim gəlir!

Etdikcə seyr halınızı, gülməyim gəlir!

 

Zülm ilə irtihalınızı, gülməyim gəlir!

Çox müxtəlif məqalınızı, gülməyim gəlir!

Dağlar qədər vəbalınızı, gülməyim gəlir!

Şümrü keçən cəlalınızı, gülməyim gəlir!

Dustaq olan əyalınızı, gülməyim gəlir!

Boş kisə, boş çuvalınızı, gülməyim gəlir!

Etdikcə seyr halınızı, gülməyim gəlir![i]

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1910, N 9.



[i] Sonuncu bənd jurnalda yoxdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info