Qonaq Kitabı
NİSKİL

 

Sən deyirsən, Molla, mən biçarə arvad almayım?

Evdə bir ifritə vardır, bir pərizad almayım?

 

Neyliyim bəs, almayım dilbəri-məhparə mən?

Gəlmişəm bu adi arvadın əlindən zarə mən.

Olmuşam pabənd bu heyvanə, bu kaftarə mən,

Yanmışam, vallah, sənin başın üçün, odlarə mən.

Bəs gedib bir dilbarə-xoşru alıb, dad almayım?

Evdə bir ifritə vardır, bir pərizad almayım?

 

Molla! İnsaf eylə, yarım-yoldaşım evləndilər,

Tazə arvad aldılar, aldıqda siğələndilər,

Iş görüb ad aldılar, zövqə baxıb kefləndilər,

Bir pəriru tapdılar, ifritədən iyrəndilər,

Mən hələ onlardan artıq iş görüb, ad almayım?

Evdə bir ifritə vardır, bir pərizad almayım?

 

Gəlmişəm təngə əlindən, bil ki, canə doymuşam,

Yarmışam başın vurub, qıç-qolların sındırmışam,

Bu yavuqlarda hələ bir qat gönündən soymuşam.

Əngini laxlatmışam, həm gözlərini oymuşam,

Indi bir siminbədən, mən xanəbərbad almayım?

Evdə bir ifritə vardır, bir pərizad almayım?

 

Gün deyil, həftə deyil, bir ay deyil, bir il deyil,

Bir belə dərdə, qəmə dözmək məgər müşkül deyil?

Ömr azaldı, bel büküldü, Molla! Bəs nisgil deyil?!

Nazı küsmək, söhbəti acı, dili bir dil deyil,

Dilbilən, bir canalan, bir qəddi şümşad almayım?

Ömrümün axır dəmində olmayım şad, almayım?

Evdə bir ifritə vardır, bir pərizad almayım?

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1910, N 5.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info