Qonaq Kitabı
VAİZLƏRƏ BAX...

 

Vaizlərə bax, gör necə təqrir ediyorlər!

Möminləri qılman ilə təbşir ediyorlər!

 

Ruhin çıxarır cismdən ərbabi-behiştin,

Bəhcət verərək dillərə, təmir ediyorlər!

 

Bir tac qoyub başına cənnətdə qızıldan,

Ləbbadəni, həm caməni təğyir ediyorlər!

 

Məşruəçilər cəm olunur ziri-əbayə,

Məşrutəni məhv etməyə tədbir ediyorlər!

 

Derlər kicəhalətdədir, üqbayi-təməddün

Cahilləri də boyləcə təxbir ediyorlər!

 

Arifləri, alimləri bidin oxuyurlar,

Ahilləri, gahilləri təthir ediyorlər!

 

Köhnə, çürümüş sözlərini nəqdə satırlar,

Milliyyəni söhbətləri təkdir ediyorlər!

 

Jurnal, qəzetə səddi-şəriətdi, deyirlər,

Qarelərini yeksərə təkfir ediyorlər!

 

Zahidləri sər süfrədə əyləşdiriyorlər,

Bir nəhv ilə əmsalını təksir ediyorlər!

 

Mollalara irad edəni tapdalıyorlər,

Kəndi günəhin hər biri təstir ediyorlər!

 

Minbərdə fəsad əhlinə lənət oxuyurlar,

Xud molla danosbazları təqdir ediyorlər!

 

Bir günə təməllüq ediyorlər, ümərayə,

Adabi-təvazö deyə təbir ediyorlər!

 

Hürriyyəti-nisvan deyəni həbsə alırlar,

Arifləri növ ilə dilgir ediyorlər!

 

Bundan sora jurnalları gizlin oxuyun ha...

Həp qətlinizə hökm də təhrir ediyorlər!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1910, N 4

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info