Qonaq Kitabı
AMANDIR

 

(“Molla Nəsrəddin”ə xitabən yazılmışdır)

 

Amandır, bəhsi kəs, Molla, amandır, biqərar olma,

Amandır, eylə bəs, Molla, amandır, xarü zar olma!

 

Amandır, eyləmə hiddət, gəlib qeyzə, edib şiddət,

Müsəlmanə edib nifrət, aman, tənqidkar olma!

 

Amandır, binavə Molla, qaranlıqdır həva, Molla,

Cahanda yox vəfa, Molla, aman, qiybətşüar olma!

 

Nə cövhər, nə ərəzdir bu, vücudində mərəzdir bu,

Məgər səndə qərəzdir bu, aman, biixtiyar olma!

 

Amandır, eyləmə bidad, ucaldıb naleyi-fəryad,

Əhali dərdini tedad edib də dilfikar olma!

 

Bizə nə atəşə yandın, səməndərvar odlandın,

Bəhayi, kafir adlandın, qəmü dərdə düçar olma!

 

Dilində söhbəti-məktəb, edirsən vird ruzü şəb,

Nədir məqsəd, nədir mətləb, əyan et, şərmsar olma!

 

Büründün şeyx əbasına, girib molla libasına,

Soxuldun xəlq arasına, kənar ol, biqərar olma!

 

Çəkil, dürtülmə ortayə, sataşma şeyxə, mollayə,

Verilməz pul bu kalayə, aman, qiybətnigar olma!

 

Kəsilmiş səbrü aramın, dolubdur zəhr ilə camın,

Yatıbdır qövmi-yamyamın, ayılmaz, intizar olma!..

 

Demə bu əbdi-mollayə, ki dursunlar təmaşayə,

Balonla övci-əlayə uçurlar, didədar olma!

 

Nədir xud əhli-Yevropa, edirsən vəsf sər ta pa,

Nə oldu həzrəti-papa, buyur, bietibar olma!

 

Demə kim, xamdır millət, danış, biz də edək diqqət,

Nədir qəlbindəki niyyət, de, söylə, lalü kar olma!

 

Əbəsdir nəqli-hürriyyət, duyubdur fikrini ümmət,

Gərək təhsil edə övrət? – Ona ümmidvar olma!

Bax İncilə və Tövratə, əhadisə, rəvayətə,

Nədir hürriyyət övratə, amandır, qərqi-nar olma!

 

Ağarmış saqqalın, başın, keçibdir yetmişi yaşın,

Qırıldı yarü yoldaşın, dayanma, payidar olma!

 

Keçər bir gün giribanın əlinə əhli-imanın,

Qalar cismin, gedər canın, amandır, biməzar olma!

 

Düşərsən dəsti-cəlladə, yetişməz kimsə imdadə,

Gedərsən yoxluqabadə, ənisi-murü mar olma!

 

Eşit vəzim, eşit pəndim, sana zəhr olmasın qəndim,

Eşitdim mən də əyləndim, eşit sən də, fərar olma!

 

Amandır eyləmə xidmət, verilməz xidmətə qiymət,

Götür, mollayə bax ibrət, nihan ol, aşikar olma!

 

İnanma qövmi-kəmnamə, bu əhli-Kufə və Şamə,

Düşərsən axırı damə, amandır, qəmküsar olma!

 

Budur, dörd il tamam oldu, sana kim, söylə, ram oldu,

Eşit, xətmi-kəlam oldu, piyan olma, xumar olma!

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1910, N 3.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info