Qonaq Kitabı
VİRAN GÖRÜRƏM

 

Baxıram hər tərəfə, işləri viran görürəm,

Gedirəm hər yana, əhvalı pərişan görürəm,

Batili həqq, həqqi batil, işi əyri, düzü pis,

Aləmi-Gəncədə nadanları sədri-məclis,

Elmsiz firqəni varlı, qələm əhlin müflis,

Ürəfanı, üdəbanı belə heyran görürəm.

Baxıram hər tərəfə, işləri viran görürəm.

 

Hər tərəfdə durur işlər elə əvvəlki sayaq:

Əsgi dövr, əsgi rəviş, əsgi həmam, əsgi çanaq,

Istəmir bir qədəm atsın iləri üzdən iraq

Ermənilər kimi barı, bu müsəlman görürəm,

Baxıram hər tərəfə, işləri viran görürəm.

 

Hər kimə nəql eləyirsən mədəniyyət sözünü,

Qabarıb üstünə, hiddətlə bərəldir gözünü,

Əğniya məktəb üçün xərcə salammaz özünü,

Onların malına mollanı nigəhban görürəm,

Baxıram hər tərəfə, işləri viran görürəm.

 

Əlqərəz, işlərimiz məsxərəyə şayandır,

Millətin qibləsi molla ilə bəydir, xandır,

Afiyətbəxş deyil, illəti bidərmandır,

Molla baziçəsidir, xeyli müsəlman görürəm,

Adəmiyyət yolunun səddini şeytan görürəm.

Aşıkar eyləmirəm, yaxşıdı pünhan görürəm...

Baxıram hər tərəfə, işləri viran görürəm.

 

 

Şəmşirək

“Zənbur”, 1909, N 37.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info