Qonaq Kitabı
BİZİMKİ DEYİL

 

Çəkmə qeydi-bəşəriyyət, nə sənindir, nə mənim,

Kəndinə vermə əziyyət, nə sənindir, nə mənim.

 

Gecələr fikir eliyib, gündüzü bihuş olma,

Sübhdən şamə kimi məst və mədhuş olma.

Nizeyi-dərdü ğəmi-millətə sən tuş olma,

Eyləmə boş yerə söhbət, nə sənindir, nə mənim,

Demə nəqli-mədəniyyət, nə sənindir, nə mənim,

 

Özünü sən gətirib qatmagilən islamə,

Başına şapqa geyib, əyninə rusi camə,

Hanı çiynində əba, başda səfid əmmamə?

Demə, eyvay şəriət, nə sənindir, nə mənim,

Ağlama halına, millət nə sənindir, nə mənim,

 

Sən qarışma, baba, bilmərrrə müsəlman işinə,

Hacı Osman, Küzəçi Molla Süleyman işinə.

Babisən, babini tap, girmə bu nadan işinə.

Bacarırsan elə sirqət, nə sənindir, nə mənim,

Çəkmə qeydi-bəşəriyyət, nə sənindir, nə mənim,

 

Bilmirəm mən nəyə lazımdı cəhani-fani,

Buraxım bundan ötür hüriləti, qılmani,

Gözümə tikməgilən məsəleyi-nisvani,

Sözümə qıl təbəiyyət, nə sənindir, nə mənim,

Çəkmə qeydi-bəşəriyyət, nə sənindir, nə mənim,

 

Nədi qanuni-əsasi, nədi bu hürriyyət,

Nə müsavat, nə ədalətdi, nə insaniyyət,

Nə yığıncaqdı, nə məclisdi, nə məşritiyyət,

Nə şərafətdi, fəzilət nə sənindir, nə mənim,

Çəkmə qeydi-bəşəriyyət, nə sənindir, nə mənim,

 

Baxma, qəlbin bulanar, mərəkeyi-İranə,

Eyşü nuş ilə gedib sür kefini məstanə,

Çünki dünyadə bu yatmaq qalacaq insanə,

Nəyə lazımdır əziyyət, nə sənindir, nə mənim,

Eylə dərgüşi-nəsihət, nə sənindir, nə mənim,

 

 

Şəmşirək

“Zənbur”, 1909, N 27.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info