Qonaq Kitabı
RƏHİMXANIN MƏHƏMMƏDƏLİYƏ ƏRZİ-HALI

 

Tacidarım! Yanına gör necə şadan gəlirəm!

Mal, dövlət götürüb, xürrəmü xəndan gəlirəm!

 

Sən gedəndən bəri İranda çox andım da səni,

Fitnədə, zülmdə hətta belə dandım da səni,

Mindirə bilmədim öz təxtinə, yandım da səni;

Mülki-İranə vurub atəşi-suzan, gəlirəm!

Mal, dövlət götürüb, xürrəmü xəndan gəlirəm!

 

Ərdəbili, Əhəri, Əkrəni viran elədim,

Dağıdıb cümlə dehat əhlini talan elədim;

İki-üç min kişini qanına qəltan elədim;

Qılıcım qanlı, əlim qan ilə əlvan gəlirəm!

Mal, dövlət götürüb, xürrəmü xəndan gəlirəm!

 

Yanıma gəlmiş idi çoxlu tərəfdarların,

Molla Qurbanəlilər, bir neçə həmkarların.

Şahsevən atlıları, firqeyi-biarların,

Eylədim cümləsini mən sənə qurban, gəlirəm!

Mal, dövlət götürüb, xürrəmü xəndan gəlirəm!

 

İstədim bir də səni şah eləyim İranə,

Olmadı mümkün, edəm məmləkəti viranə,

Qənim olsun çörəyin Yefremə, Bağır xanə,

Etdilər işləri hər yanda pərişan, gəlirəm!

Mal, dövlət götürüb, xürrəmü şadan gəlirəm!

 

Qaradağda sayılırdım iki qurdun biri mən,

Nə edim ki, elə hər yanda basıldım geri mən.

Qırılıb batdı qoşun, təkcə qutardım diri mən;

Dirilər tək demə, çün mürdeyi-bican gəlirəm.

Mal, dövlət götürüb, xürrəmü xəndan gəlirəm!

 

Üstümə oldu hücumavər, o məşrutəçilər,

Döndülər şirə qotur qəhvəçilər, kuzəçilər,

Etmədi tab müqabildəki məşruəçilər,

Xanlığım getdi, belim sındı, gürizan gəlirəm!

Mal, dövlət götürüb, xürrəmü xəndan gəlirəm!

 

Vermədim mən yaxayı milləti-İran əlinə,

Bələdəm qonşuların çünki bu gün hər dilinə,

İltica eylədim axırda keçib rus elinə,

Ruhsuz bir bədənəm, valehü heyran gəlirəm,

Mat, məbhut, pərişan, peşiman gəlirəm!

Mal, dövlət götürüb, xürrəmü xəndan gəlirəm!

Qılıncım qanlı, əlim qan ilə əlvan gəlirəm![1]

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1910, N 6.

 

 


[1] Misra jurnalda yoxdur, sonra əlavə olunub.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info