Qonaq Kitabı
ALMASA GƏR QIZLARIMIZ TƏRBİYƏ

 

Almasa gər qızlarımız tərbiyə,

Görməsə məktəb Səfiyə, Mərziyə,

Qalsa gər iş təkcə Pirimverdiyə,

Çatmayacaq əllərimiz kərdiyə!

 

Məktəb isə xaneyi-imanımız!

Elm isə gər cismimizə canımız,

Getməlidir məktəbə səbyanımız,

Cümləsi qızlar, həmi oğlanımız,

İş qala gər təkcə Pirimverdiyə,

Çatmayacaq əllərimiz kərdiyə!

 

Çünki tərəqqi iki ünsürdədir,

Zalxa, Tükəzban, həmi Qənbərdədir.

Sən demə yox, yox, bizim Əjdərdədir,

Madər olur tiflə verən tərbiyə,

Validə eylər vələdin tərziyə!

 

Olsa əgər elmli mərd ilə zən,

Millət edər kəsbi-sənaye və fən,

Çıxmasa meydanə əqiqi-Yəmən,

Harda tərəqqi edər əhli-vətən

Ta ki, girib nuri-əməl pərdiyə,

Çatmayacaq əllərimiz kərdiyə.

 

Olmasa təğyirü təbəddül bu hal,

Etməsə qızlar hamı kəsbi-kəmal,

Oylə qalarsa yenə binitqü lal,

Bəncə, tərəqqi olacaqdır məhal.

İş qala gər təkcə Pirimverdiyə,

Çatmayacaq əllərimiz kərdiyə!

 

 

Şəmşirək

“Zənbur”, 1909, N 14.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info