Qonaq Kitabı
HƏNUZ

 

Xabi-qəflətdə yatıb, cəhl ilə dünyadə, hənuz,

Arizu etmədəyik cənnəti üqbadə, hənuz!

 

Badeyi-cəhlü cəhalətlə dolubdur sərimiz,

Aləmi çulğalayıb zülmü qəbahət, şərimiz.

Məhaza yenə huri sözüdür əzbərimiz.

Həm ayıqlıqda, həmi xabdə, röyadə, hənuz.

 

Nəfsi-əmmarə bizim əqlimizə fayiqdir,

Əbdi-şəhvət desələr kəndimizə layiqdir.

Kim deyir bir kişi dörd övrətə nalayiqdir?

Cənnətin ayğırı olmağı da sal yadə, hənuz.

 

Şairəm mən, nə işim var, baba, hürriyyət ilə,

Qəhrəmanan, Niyazi, o biri Şövkət ilə.

Nə bilim Ənvər ilə, Əhməd ilə, Tələt ilə,

Dəstgirəm mən özüm pənceyi-molladə, hənuz..

 

Mənə nə, oldu ləgədkubi-əcanib İran,

Ya ki, məşrutəni aldı yenidən Səttərxan.

Bu Sipəhdar, bu Səmsam, bu da Bağır xan,

Mən ki, can vermədəyəm xəncəri-cəlladə, hənuz.

 

Demə məşrutəni aldıq, dəxi yoxdur qəmimiz,

De ki: hə, varmı bütün yarələrə mərhəmimiz

Rahi-ahənlərimiz, fabrikalar, mədənimiz.

Hanı cəngi gəmilər sahili-dəryadə, hənuz.

 

Mülkümüzdə hanı de: müntəzəm əsgərlərimiz,

Məktəbü mədrəsələr, gənc müəllimlərimiz,

Tiyatr, dari-şəfa, sənətimiz, fənlərimiz,

Hanı, tək bircəsi yox hazırü amadə, hənuz.

 

Məncə, bunlar nəyə lazımdı, behişt olmalıdır,

Huri, qılman təməi qəlbə sirişt olmalıdır.

Səri-dəftərdə pilov ləfzi neveşt olmalıdır,

Çünki molla çalışır: qarnını abadə, hənuz.

 

Söyləmə, hakimi-mütləq o şəhi-ədnadır,

Söylə: hər gün mənə hakim kəsilən molladır.

Molla Qəmbərdi yenə, mollanüma Yəhyadır,

Başıma noxta vuran, payimə qəlladə, hənuz.

 

 

Şəmşirək

“Zənbur”, 1909, N 12.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info