Qonaq Kitabı
QORXURAM

 

Bilmirəm, bunca nədir ah ilə əfğanın sənin,

Söyləməkdən az qalıbdır ki, çıxa canın sənin,

Bitmədi, qurtarmadı bu hərzə-hədyanın sənin,

Getdi bir dibli əlindən dinü imanın sənin

Qorxuram, Molla, tökülsün axırı qanın sənin.

 

Qan içənlərdən saqın, gəzmə, o yerlərdən çəkil,

Can alanlardan həras eylə, kühənlərdən çəkil,

Laf uranlardan da imən olma, onlardan çəkil,

Görməyirsənmi dolub qurd ilə hər yanın sənin?

 

Çıxmısan meydana, yalqızsan, tərəfdarın hanı?

Həmsüxən, həmrəy, həmkarü həməfkarın hanı?

Can verib xof etməyən yari-vəfadarın hanı?

Ya hanı simin, zərin, həştad milyanın sənin?

 

Dəsti-istibdad hər gün qarparaq arifləri,

Tərd edir el, yurd içində çarparaq arifləri,

Həm edir təhqir hər kəs qalxaraq, arifləri,

Qəlbini incitməsin nahəqcə vicdanın sənin!

 

Eylər istibdadə indi pişvalar xəfyəlik,

Zalimə, cəbbarə indi kəndxudalar xəfyəlik,

Həm danosbazlıq edir mollanümalar xəfyəlik,

Keçməsin çəngalına gözlə giribanın sənin!

 

Sanma zülmati-cəhalət içrə el avarədir,

Öylə fikr etmə ki, həp nadan, həmi bikarədir,

Yox, bütün şeytan xəyal, on firqədir, yüz parədir,

Parə-parə eyləyərlər qəlbi-büryanın sənin!

 

Dinmə, vallahi, dinənlərtək alarlar canını,

Vəslinə həsrət qoyarlar yarını, əvanını,

Tərkə məcbur eyləyərlər xanəni, övtanını,

Çox güvənmə kim, varındır ibn-Nemanın sənin!

De – hanı indi Nərimanov Nərimanın sənin?

 

 

1909

“Sijimqulunamə”

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info