Qonaq Kitabı
XUDAHAFİZ

 

Veribən əl-ələ, xudahafiz

Eylədik bu ilə xudahafiz.

 

On iki ay, əlli həftə bütün,

Üç yüz altmış beş, altı saət, gün

Məşvərət, istixarə, tas, dügün,

Gəh elə, gəh belə, xudahafiz,

Eylədik bu ilə xudahafiz.

 

Ordubad ilə Nəxçvan, İrəvan,

Gəncə, Baku, Batum, Nuxu, Şirvan,

Qars, Axalsıx, filan və yerdə qalan,

Yeksüxən, yekdilə, xudahafiz,

Eylədik bu ilə xudahafiz.

 

Nəxçvanda açıldı bir migidan,

Aldı Bakudə şeytənət meydan.

Çənbərə, Heybət, angəhi, Suraxan,

Keşlə, həm Bülbülə, xudahafiz,

Eylədik bu ilə xudahafiz.

 

Gəncədə bir ədibi-biəmsal,

Açdı bir ruznamə “İstiqbal”,

Bir kitabxanə, bir də zurna-qaval,

Düşdü dildən-dilə, xudahafiz,

Eylədik bu ilə xudahafiz.

 

Bu il osmanlı zülm təhtindən,

Çıxdı köhnə libas rəxtindən.

Endirildi Həmid təxtindən,

İzzətə, Kamalə, xudahafiz,

Eylədik bu ilə xudahafiz.

 

Qopdu İranda da həman tufan,

Tazələndi hökuməti-Tehran,

Gərçe ixrac olundu Mədəli xan,

Bitmədi məsələ, xudahafiz,

Eylədik bu ilə xudahafiz.

 

Etdi Qafqazın əhli-islamı,

İttihad, ittifaq, yeknamı.

Şiə, sünni kəlami-övhamı

İşləməkdə hələ, xudahafiz,

Eylədik bu ilə xudahafiz.

 

Mollalar kəndin etməyə təthir,

Etdilər aləmi bütün təkfir.

İşləri oldu bijlikü təzvir,

Düşmüşük əngələ, xudahafiz,

Eylədik bu ilə xudahafiz.

 

Aləmi gəzdi yerbəyer “Mozalan”,

Getdi hətta cəhənnəmə “Xortdan”,

Oldu nayab illətə dərman,

Uğradıq müşkülə, xudahafiz,

Eylədik bu ilə xudahafiz.

 

Molla, Hərdəmxəyal, Şeybani,

Kefsiz, angah yarü əvani,

Yazdılar hərzə, nəql, dastani,

Etdilər məşğələ, xudahafiz,

Eylədik bu ilə xudahafiz.

 

Dəli, Çatdax daban xala, Güləgən,

Qırx ayax, Yoncaçı və Qeydçəkən,

Köhnə Qızdırmalı, Sijimqulu, mən

Həp bir avaz ilə xudahafiz,

Eylədik bu ilə xudahafiz.

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1909, N 52.

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info