Qonaq Kitabı
BU NƏDİR

 

Yarəb, bu dərdi-nagəhan, bu zəxmi-bidərman nədir?

Bu gir-dari-xakiyan, bu zülm, bu tüğyan nədir?

Bu məclisi-osmaniyan, o məhfili-İran nədir?

Məşrutə, hürriyyət, filan, Ənvər və Səttərxan nədir?

Axır təmamən bəndəgan etdikləri üsyan nədir?

Rəftari-millətpərvəran, göftari-bipayan nədir?

Məktəbi və təhsili-zənan, övrət nədir, meydan nədir?

Göndər bəla, məhv et həman, bu qövmi-biiman nədir?

 

Allahu əkbər! Tazələr gör bir nələr söylər, nələr!

Bihudə, bica yavələr batil sözü təkrar elər!

Dövlətli, fələ, kargər olsun, deyirlər, xeyri şər,

Həp bilmüsavi övrət-ər, Hacı Səfər, həm Xanşəkər.

Eyvah, bu millət məgər heç anlamır nəfü zərər?

Hürr olsa övrətlər əgər, rubənd, çadır köhnələr.

İman və din əldən gedər, ey bədməal, ey bədgöhər!

Ey xaliqi-nöhasiman, bu yer nədir, insan nədir?

Göndər bəla, məhv et haman, bu qövmi-biiman nədir?

 

Adati-əcdadım mənim bir-bir əlimdən getdilər,

Çıxdı göyə dadım mənim, alimləri ürkütdülər.

Dillərdə yox adım mənim, iqbalü şanım itdilər,

İş görmür övradım mənim, babi-səmanı örtdülər.

Tərk oldu hər zadım mənim, məşrutəni bərkitdilər.

Həqq istər arvadım mənim, bunlar məgər övrətdilər?

Övladü əhfadım mənim biar, biqeyrətdilər.

Ey xaliqi-kövnü məkan, bu ins nə, bu can nədir?

Göndər bəla, məhv et haman, bu qövmi-biiman nədir?

 

Əstəğfürulla, baxmaram bu söhbəti-hürriyyətə,

Hər yana su tək axmaram, ziddəm də məşrutiyyətə.

Kəndimi narə yaxmaram, hürriyyət olmaz övrətə,

Bir feldir, felülhəram, əsla sığışmaz qeyrətə.

Əyri qabırğa, ay balam, gəncdir, düzəlməz, at itə.

Naqisdir əqli, olma xam, övrət yaraşmaz millətə.

Etmə şitab, eylə dəvam, azğınladın, gəl lənətə.

Dolmuş sərasər xakdan, yarəb, bu vəhşistan nədir?

Göndər bəla, məhv et haman, bu qövmi-biiman nədir?

 

Təmini-istiqbal üçün düşdükləri sövdayə bax!

Mazi keçibdir, hal üçün satdıqları kalayə bax!

Miskin üçün, həmmal üçün etdikləri qovğayə bax!

Nisvani-bədiqbal üçün açdıqları dəvayə bax!

Rəngü həna, saqqal üçün tikdikləri torbayə bax!

Bax, bax! Bu qövmi-zal üçün çaldıqları zurnayə bax!

Eyzən qəzet-jurnal üçün molla verən fitvayə bax!

Heyrətdədir əflakiyan ya rəbbəna, qan, qan, nədir?

Göndər bəla, məhv et haman, bu qövmi-biiman nədir?

 

Heyvan nədir, insan nədir, molla nədir, ürfan nədir?

Huri nədir, qılman nədir, cənnət nədir, niyran nədir?

Cənnətdəki şeyxan nədir, duzəxdəki ürfan nədir,

Qəbrimdəki xortdan nədir, qəlbimdəki şeytan nədir?

Matü məəttəl qalmışam, bu nəql, bu dəstan nədir?

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1909, N 51.

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info