Qonaq Kitabı
BÜKÜLMÜŞ

Bu yer gözəlinə nabələd olmuş,

Bir söz dedim, quru dilə bükülmüş.

Xətayını görcək, xəta eylədim,

Ləli-göhər bir məndilə bükülmüş.

 

Qurban olum alagözün məstinə,

Bal tökülüb al dodağın şəstinə,

Əlim qoyum tər sinənin üstünə,

Darçına, mixəyə, hilə bükülmüş.

 

Gecə ikən mehman olduq bunlara,

Geyinib, batıbdı yaşıl-allara,

Qızıl bəzmənd, lülə şümşad qollara,

Gümüş kəmər incə belə bükülmüş.

 

Qurban olum obana, həm soyuna,

Mina gərdəninə, uca boyuna,

Divanə Valehi alsa qoynuna,

Sanasan ki, bülbül gülə bükülmüş.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info