Qonaq Kitabı
DÜŞÜBDÜR

Şəmşədin elində, Tovuz çayında,

Gözüm bu gün bir dildarə düşübdür.

İki çeşmi-cadu, canım afəti,

Belə mehri gül ruxsara düşübdür.

 

Yüz naz ilə tutar üzünə ayna,

Müjganından bir ox çəkdi yayına,

Döşənim, fərş olum xaki-payına,

Onda deyim, can nisara düşübdür.

 

Gülüstani-Rəmdən gəlmiş ol pəri,

Ay, gün camalına olub müştəri,

Gör necə dolanır şahmar zülfləri,

Mənim gözüm o şahmara düşübdür.

 

Niqab açdı, nəzər saldı hər yana,

Hüsnüyün şəminə olum pərvana,

Gül üzü bənzəyir bağa, bostana,

Nə çəmənə, nə gülzara düşübdür.

 

Necə şirin olar visali-həmdəm,

Fəraqından nalə çəkdim dəmadəm,

Axır bu dünyada Qeys oldu Dilqəm,

Leylisindən ol avara düşübdür.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info