Qonaq Kitabı
GİZLƏNƏR

O necə quş idi, yaz gələr bağa,

Sinəmi çəkiblər düyünə, dağa.

Bir şana, bir bafta, bir də bir cığa,

Bu üçü bir olsa, teldə gizlənər.

 

O necə quş idi, qayada səkər,

Qaynağı nəştərdir, qanımı tökər,

Bir noğul, bir nabat, bir də bir şəkər,

Bu üçü bir olsa, dildə gizlənər.

 

O necə quş idi, anasın əmər,

Havada dövr edər şəms ilə qəmər,

Bir qılınc, bir xəncər, bir də bir kəmər,

Bu üçü bir olsa, beldə gizlənər.

 

Aladır gözləri, şəhlayi-nərgiz,

Sənin tək bir gözəl bulunmaz hərgiz,

Bir bulaq, bir hovuz, bir də ki kəhriz,

Bu üçü bir olsa, yerdə gizlənər.

 

Yar ki, yara şirin verər salamı,

Təbibimsən, özün bağla yaramı,

Bir oğru, bir əyri, bir də haramı,

Bu üçü bir olsa, kolda gizlənər.

 

Xəstə Qasım deyər, ləbi ballı qız,

Bir şirin goftarlı, üzü xallı qız,

Bir qələm, bir davat, bir də bir kağız,

Bu üçü bir olsa, əldə gizlənər.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info