Qonaq Kitabı
DƏLİ KÖNÜL

Dəli könül, nə divanə gəzirsən?

Bivəfa dilbərdən sənə yar olmaz.

Düz çıxmaz ilqarı, əhdi-peymanı,

Hərcayıda namus, qeyrət, ar olmaz.

 

Üz vermə nadana, sirr vermə pisə,

Axır qəlbin ya inciyə, ya küsə,

Ot bitər kök üstə, əsli nə isə,

Yovşan bəsləməklə çəmənzar olmaz.

 

Vəfalıya əmək çəksən itirməz,

Bədəsil nəsihət, öyüd götürməz,

Qabaq tağı tər şamama bitirməz,

Boz söyüddə heyva olmaz, nar olmaz.

 

Təklif olunmamış bir yerə varma,

Nər olmaz meydanda hər bığıburma,

Seyraqıb adama sən yaxın durma,

Xain çıxar, onda düz ilqar olmaz.

 

Xəstə Qasım günü keçmiş qocadır,

Gələn bəzirgandır, gedən xocadır,

Sərv ağacı hər ağacdan ucadır,

Əsli qıtdır, budağında bar olmaz.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info