Qonaq Kitabı
VƏSSƏLAM

 

Məktəbə olmam riza hərgiz xüram etsin qızım,

Haşalilləh, qoymaram dərsə dəvam etsin qızım.

 

Qoymaram, əl çək yaxamdan, üstümə bu adı mən

Kim, desinlər uçqola qoydu qızın Hacı Həsən.

İstəməm, boşla baba, laməzhəbə övladı mən,

Vurram öldürrəm elə övladı mən, arvadı mən,

Olmaram razı məni binəngü nam etsin qızım,

Haşalilləh, məktəbə, dərsə davam etsin qızım.

 

Mən nə rusəm, gürcüyəm, nə bütpərəstəm, ermənəm,

Mən nə ruməm, nə yapon, mən nə firəngəm, cermənəm,

O odur, sən də ki, sənsən, babısan, mən də mənəm,

Adını zikr etmə elmin, sənətin, mən bilmənəm,

Qoymaram, əstəğfrüllah, təlxkam etsin qızım,

Haşalilləh, məktəbə, dərsə davam etsin qızım.

 

Oğlumu qoydum, nə gördüm, mən nə ləzzət anladım?

Azdı yoldan hər gecə söydüm, dolaşdım, danladım,

Dəmbədəm hürdüm köpəklərtək, xoruztək banladım

Etmədi pəndim əsər, dindirmədim, pozğunladım.

İmdi də qoymam həlalımı həram etsin qızım,

Haşalilləh, məktəbə, dərsə davam etsin qızım.

 

Arifa! Durma, çəkil get, mən dalınca getmərəm,

Mən, o sən sərd etdiyin əfsanəyə guş etmərəm.

Min desən aldanmaram, yüz min desən də bitmərəm,

Eybdir, övladıma yazı, oxu öyrətmərəm,

Sübhünü qoymam gedib məktəbdə şam etsin qızım,

Haşalilləh, məktəbə, dərsə davam etsin qızım.

 

Tarmar olsun  görüm məktəbləri Şirvan kibi,

Azdırıb yoldan çıxardı xəlqi bir şeytan kibi.

Etiqadın süst edir səbyanın o, moltan kibi,

Məktəbə daxil olur insan, çıxır heyvan kibi,

Qoymaram, qəri-cəhənnəmdə məqam etsin qızım,

Qoymaram, oğlum kibi bir fikri-xam etsin qızım.

 

Uçqola qurtarmamış kəm əql olurmuş əğləbi,

Boşluyarmış köhnə adatı, atarmış məzhəbi.

İmdi də bir-bir açırlar şəhərdə qız məktəbi,

Kəsbi-elm eylərsə arvadlar, atar çadrşəbi,

Vermərəm rüxsət, oxu, yazı təmam etsin qızım,

Qoymaram gültək açılsın qızım, ibtsam etsin qızım,

Guşeyi-zindanı məskən, vəssəlam, etsin qızım!

 

 

“Sijimqulunamə”

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info