Qonaq Kitabı
TAZƏLƏR

 

Həmdülillah, dönüb iqbalı bizim tazələrin,

Qarışıbdır yenə əhvalı bizim tazələrin.

 

Qarışıb bir-birinə, işləri viran görünür,

Alınıb ruhları, cümləsi bican görünür,

Ölüb a... dinmə, nə var ruhi, nə də can görünür;

Qırılıb rişteyi-amali bizim tazələrin,

Həmdülillah, dönüb iqbalı bizim tazələrin,

 

İstəyirdilər ki, iğva edərək bu ürəfa

Doğru yoldan azıdıb eyliyələr cövrü cəfa,

Leyk, səd şükr ki, zəhmətləri pəh oldu həba

Sındı bilcümlə pərü balı bizim tazələrin,

Həmdülillah, dönüb iqbalı bizim tazələrin,

 

Gəh “Təkamül”, gəhi “İrşad”ü “Dəbistan” yazılır,

Gəh “Füyuzat”, gəhi “Rəhbər”ü “Bustan” yazılır,

Gəh “Tərəqqi”, gəhi “Yoldaş”, gəhi dəstan yazılır.

Gəhi də bəd gətirir falı bizim tazələrin.

Həmdülillah, dönüb iqbalı bizim tazələrin,

 

Salmıyıbdırmı, de bunlar ələ öz-özlərini

Ki, deyirlər qazetə xəlqin açır gözlərini?

Hardadır? Onlara mən göstərəm öz sözlərini;

İşləmir, yerdə qalıb malı bizim tazələrin.

Quruyub gün-günə əfalı bizim tazələrin,

Həmdülillah, dönüb iqbalı bizim tazələrin,

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1909, N 45.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info