Qonaq Kitabı
İNAN

 

Nədir bilməm, a Molla, bunca söhbət, söhbət üstündən,

Edirsən boş yerə bir boylə qiybət, qiybət üstündən.

 

Söyürsən, danlıyırsan, incidirsən bu müsəlmanı,

Deyirsən, öyrədirsən, göstərirsən şeyxü mollanı,

Bəlayi-nagəhantək qaplamışsan əhli-imanı,

Vurursan sineyi-mollayə zərbət, zərbət üstündən,

Edirsən boş yerə bir belə qiybət, qiybət üstündən.

 

Ağarmış saqqalın, ağzında yoxdur bir dişin, Molla,

Bükülmüş qamətin, piranədir də gərdişin, Molla,

Yenə əl çəkmiyirsən, həllə huşəkdir işin, Molla,

Basıb ağ nöqtəni qəlbində zülmət, zülmət üstündən,

Edirsən boş yerə bir belə qiybət, qiybət üstündən.

 

Duanı, cinni, tası səhl sandın, qıldın istehza,

Əvamı incidib, cadunəvisə eylədin iyza,

Əlindən təngə gəldi hacı və molla ilə mirza,

Atıb vurdun dəmadəm səngi-nifrət, nifrət üstündən,

Peyapey yağdırırsan tiri-möhnət, möhnət üstündən.

 

Təmamən söyləyib yazdıqların əfsanə, hədyandır,

Bütün əkdiklərin, tökdüklərin həm töxmi-şeytandır,

Əfəndi, şeyx, vaiz, rövzəxandır, şahü sultandır,

Qazancın, qismətin, nəfindi lənət, lənət üstündən,

Salıbsan üstünə yorğani-qəflət, qəflət üstündən.

 

Çəkil, canım, nədir bu kar, bu əfkari-məzmumə?

Əyirsən ağzını həm Bağırə, həm molla Məsumə.

İnan, bundan sora yazmam sana bir sərt mənzumə,

Töküldü başimə “gərmab”i-xiclət, xiclət üstündən,

Əhali eyləyir min gunə töhmət, töhmət üstündən.

 

Baba, Allahı istərsən, belə rəftardən xof et,

Əbanı qavzama, altındakı şəhmardən xof et,

De: əttövbə, yanarsan axirətdə, nardən xof et,

Çəkərsən ah, ah üstündən, həsrət, həsrət üstündən,

Əzabi-dərdnak etdikcə şiddət, şiddət üstündən.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1909, N 44.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info