Qonaq Kitabı
URRA

 

Molla, coşub daşmağını qoy nəmə,

Ağzını bas qazğanının, qoy dəmə!

 

Bu rəməzandır, hələ tətil qıl,

Məsləkini, fikrini təbdil qıl,

Etmə tərəddüd, baba, təcil qıl,

Bax, necə gör millət edir həmhəmə!

Ağzını bas qazğanının, qoy dəmə!

 

At qələmi, boşla qələmdanını,

Qoy yerə əfsaneyi-dəstanını,

Salma cəhənnəm oduna canını,

Eylə mürüvvət, eləmə zümzümə!

Ağzını bas qazğanının, qoy dəmə!

 

Çünki deyildir belə meydan sənin,

Məscid, minbər, nə müsəlamn sənin,

Moizə, nə nəfi-cibişdan sənin,

Mərsiyəxanlar verəcək dəmdəmə!

Sən hələ bildiklərini qoy dəmə!

 

Lovğalanıb eyləmə kim, iddia,

Qabili-behbud olacaq müddəa

Mərsiyəxanlar eləyir bəddua;

Mollanümalar ələ almış qəmə!

Ağzını bas qazğanının, qoy dəmə!

 

Bu rəməzanlıqda  nə ver-aldı bu?

Ax! nə qəzetdir bu, nə jurnaldı bu?

Pəs nə əbadır bu, nə saqqaldı bu?

Ağzı oruc xəlqi salıbsan qəmə!

Ağzını bas qazğanının, qoy dəmə!

 

Kim baxar indi qazetə, dəftərə?

Çap eliyib nəşr edəsən min kərə!

Ruzəni batil eləyir məsxərə!

Qiybət, tənqid, qiraət-həmə!

Ağzını bas qazğanının, qoy dəmə!

 

Gəl baba, məscidlərə, ehsanı gör!

Şamü səhər aşı, fisincanı gör!

Moizeyi-həzrəti-mollanı gör!

Nazü əda, işvəyə bax, çəmxəmə!

Yarə, müridə, ədəbə, həmdəmə!

 

Mollaların görgilə şurasını,

Xəlqə əta etdiyi hurasını,

Dinlə behişt əhlinin “urrasını”

Dil-dilədir, zil-zilədir, bəm-bəmə!

Sən hələ bildiklərini qoy nəmə!

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1909, N 39.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info