Qonaq Kitabı
DİLSUZDAN

 

Molla, bizimtək kimin bir belə mollası var?

Bir belə molla, belə alimü danası var?

 

Loğalanıb öymürəm mən hələ mollamızı,

Hiylə və təzvirdə lap yədi-beyzası var.

 

Hər kəsin aləmdə gər olsa belə mollası

Olmasa dünyası gər qəm yeməz, üqbası var.

 

Sözlərinin hər biri bircə qızıl, əşrəfi,

Nitqi-göhərbarının min cürə mənası var.

 

Əldəki təsbihinin min dənədir danəsi,

Gövhərü alması var, lölövü lalası var.

 

Vird ilə zikri onun lənətü təkfirdir,

Gündə otuz arifin qətlinə fitvası var.

 

Cəhli sevir qəlbdən, cahilə meyl eyləyir,

Arifü huşyardən həm də təbərrası var.

 

Məkr ilə salmış ələ köhnə və möminləri,

Çün yeniməsləklərin dideyi-binası var.

 

Qarğa kimi başını möhrə döyür dəmbədəm,

Qəsdi ibadət deyil, özgə təmənnası var.

 

Bəs ki, riyazət çəkib, cismi dönübdür çöpə,

Çünki riyakardır, mətləbi-dünyası var.

 

Ol kosa saqqalına canımız olsun fəda,

Hər tükünə bənd olan gör neçə xənnası var.

 

Cümlə müridanı o, bənd eləyib vəzinə,

Yaxşıca torbası var, yaxşıca noxtası var.

 

Toplayıb ətrafına cümlə behişt əhlini,

Hər birinə verməyə min dənə hurası var.

 

Bir kişiyə əlli min hur eliyir pişkəş,

Bir neçə min cariyə, bir daha tubası var.

 

Bircə manat ver səni daxil edib cənnətə,

Əhli-behişt eyləsin, həm otu, arpası var.

 

Yaxşı ticarətdimi, sən nə deyirsən buna?

Yaxşıca bol müştəri, yaxşı da kalası var.

 

Canım o İysadəmin canına qurban mənim,

Mərdümi-sədsaleyə mordeyi-əhyası var.

 

Kim ki, dutub damənin, qorxusu yox kimsədən,

Cinnü şəyatini var, rəmli, həmi tası var.

 

Mənqəbətü mədhini yazmağa aciz qələm,

Hankı cəhan əhlinin boylə Ərəstası var?!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1909, N 39.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info