Qonaq Kitabı
HİSS, ZÖVQ YOX

 

Ruyi-səmayi-qəlbimi dutmuş səhabi-qəm,

Püriztirab, pürxələcandır misali-qəm.

Etmiş əhatə şəhri-dili ləşgəri-ələm,

Biixtiyar əşk tökür didə dəmbədəm,

Öksüz əsirlər kibi qan ağlayır qələm!

 

Möhtac, ac, üsrətə amac, didə tər,

Qəmli, həzin pürmihənü qüssəvü kədər.

Məhcur bir qərib, dilaxürdə, dərbədər,

Məzlum bir yetim kibi qəlbi pürşərər.

Xunabələr tökər yüzümə bağlayıb vərəm.

 

Gördükcə özgələrdəki şanı, fəxarəti,

Elmi, fünunu, muxtəriatı, məharəti,

Biləks, millətimdə də boylə cəhaləti,

Artar kəmali-yəs ilə hər ləhzə riqqəti,

Ağlar çəməndə quşlar, əninimdən etdi rəm.

 

Könlümdə yox ki, möhnəti-millətdən özgə dərd,

Etmiş vücudi-milləti zənciri-cəhl, bənd.

Əbnayi-millət olmadadır məhv, fərd-fərd,

İslahi-halə yox çalışan əğniyayi-mərd,

Bir hali-dərdnak ilə olmaqdadır ədəm.

 

Millət atıbvücudini ağuşi-qəflətə,

Təslim edib də kəndini divi-cəhalətə.

Şayani-dərd-qüssə, yaxındır həlakətə,

Əfsus, bu zəvalə, təəssüf, bu halətə,

Fəryadə, dadə sən yetiş, ey sahibi-kərəm!

 

Atmaz, dönüb qabağə bir addım təməddünə,

Getməkdədir geri-geri, ifnayə, gün-günə.

Açmaz gözün hələ oyanıb, keçdi min sənə.

Xaki-səfalət üzrə düşüb, sərnigun yenə.

Çahi-tənəzzülə düşüyor lalü bəstədəm.

 

Bir kütleyi-cəmad kibi “hiss, zövq yox”,

Təhsili-elmü mərifətə eşq, zövq yox.

Amali-ittihadi-vəfaq ilə tövq yox,

Bir kimsədə hələ ona nisbət və sövq yox,

Bir heykəli-mücəssəmi-biruhdir üməm.

 

Tarac edildi zinəti-pürqiyməti vətən.

Amaci-tiri-təneyi-əğyar oldu tən,

Qarşımda atiyi düşünürəm dərin, mən,

Olmazsa ittihad ilə yekrəy, yeksüxən,

Bu millət, aqibət olacaqdır cəhanda kəm!

 

İşlər gedərsə bir neçə illərdə boylə gər,

Bu tayifə yatarsa belə məstü bixəbər,

Bişübhə, cəhl oduyla yanar zar, xüşkü tər.

Bu halı görmədəm daha çox yaxşıdır səqər,

İnsan olur bu halə könülxun və didə nəm!

 

Aləm yetişdi mənzili-məqsudə yektəriq,

Qalmaqdayıq üsuli-ətiq üzrə biz ətiq.

Boş, bilüzum bəhslər ilə əriz, əmiq,

Uğraşmada, toqquşmadayıq qeyri-müttəfiq.

Əhval pək vəximdir, olmuş füzun “həm”!

 

Hər millət oldu naili-elmü əməl, məram,

İfrazi-rütbə eylədilər, iktisabi-nam.

Hikmət, fəlasifə və riyaziyyə bittəmam

Məxsus imiş əcanibə, olmuş bizə həram,

Alimnümalər etdi bizə olmazın sitəm.

 

“Elmi tələb edin” deyə əmr eyləmiş nəbi,

Ta məhddən məzarə, budur anla mətləbi.

İslamə fərzdir, qadın-ər, su, həva kibi,

Mollaların da əks bu fərmanə əğləbi.

Zülmətpəsənd, şəbhərəxu, bəndeyi-şikəm!

 

“Elmi-bədən və din” deyilmişdir aşkar,

Əvvəl bədən və sonra da din elmü üstvar,

Oldu nə bais, imdi belə olmuşuq kənar?

Olmuş siyah çeşmimizdə nuri-ruzgar,

Xəstə düşüb elin bədəni, həm bulandı dəm!

 

Elmi-bədən müqəddəm ikən elmi-dindən,

Təhsilə bəs girişmiyəlim boylə biz nədən?

Elmi-bədən ki, olmadı, olmaz həyat şən,

Ummaq olurmu qüvveyi-imdad xəstədən,

Yatma, oyan, maarifə doğru qoyub qədəm!

 

Nisvani-binəvalərimiz can deyilmidir?

Nisfi-bədən, mürəbbiyi-səbyan deyilmidir?

Ağuşi-madərisi dəbistan deyilmidir?

Bizlərlə bir hüquqda insan deyilmidir?

Qeydi-əsarətə sarıdıq biz fəna şiyəm!

 

Azdır məkatib, artıraraq çoxlu açmalı,

Erkək-qadın, cocuqları cümlə oxutmalı.

Qızlar üçün müəllimeyi-pak tapmalı,

İcab edərsə əsr necə, oylə yapmalı,

Gər ittifaq edilsə, cibalı yıxar himəm!

 

Qardaş, amandır, aç gözünü bir oyangilan!

İnsan kibi bu halını bir anla, yangilan!

Eylə təsəvvür öz işini, bir utangilan!

Bəsdir, yetər bu boyda cəhalət, usangilan!

Bəsdir təhəmmül etdiyiniz dərdə, bişü kəm!

 

 

“Sijimqulunamə”

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info