Qonaq Kitabı
MƏHƏMMƏDƏLİ ŞAHIN TEHRANDAN RƏŞTƏ TƏRƏF HƏRƏKƏTİ

 

Səltənətdən məni dur eylədi dövran, gedirəm,

Qafiləm Rəştə tərəf oldu şitaban, gedirəm!

 

Daha düşməz, bilirəm, bir də yolum İranə,

Həsrət oldum həmi Təbrizə, həmi Tehranə.

Böyük İranda mənə vermədilər bir xanə,

Etdilər xanə və əmlakımı viran, gedirəm,

Qafiləm Rəştə tərəf oldu şitaban gedirəm.

 

Təxtimi, tacımı tarac və qəsb eylədilər,

Yerimə ağladaraq oğlumu nəsb eylədilər,

Babadan qalma bütün varımı kəsb eylədilər,

İmdi bu hal ilə Rusiyyəyə mehman gedirəm,

Qafiləm Rəştə tərəf oldu şitaban, gedirəm!

 

Bilmədi qiymətimi, qədrimi iranlı mənim,

Oldular nəfyimə yekdil, gədəli-xanlı mənim,

Dikəlib üstümə cansız, həmi də canlı mənim..

Verdilər hər biri ixracimə fərman, gedirəm.

Qafiləm Rəştə tərəf oldu şitaban, gedirəm!

 

Mən dedim, burda qalıb olmayım artıq məqhur,

İmdi ki, qoymadılar qalmağa, oldum məzur.

Gedərəm mən də, odur qonşu durur, dust durur,

Bər cəhənnəm ki, belə kor və peşiman gedirəm,

Qafiləm Rəştə tərəf oldu şitaban, gedirəm!

 

Getdi bilcümlə əlimdən qoşunum, sərhəngim,

Dutmadı hərçe çalışdımsa da bir neyrəngim.

Sıxılıb qoltuğuma Mir Bəhadır cəngim,

Bir böyük əhli-əyan ilə peşiman gedirəm,

Qafiləm Rəştə tərəf oldu şitaban, gedirəm!

 

Ax!.. Necə millətimi görməyə mən kur oldum,

Xaini-millət özüm olmada məşhur oldum,

Təxti-izzətdə hümakən, bu cürə mur oldum,

Əriyib cismü tənim, didəsi giryan gedirəm.

Qafiləm Rəştə tərəf oldu şitaban, gedirəm!

 

 

“Sijimqulunamə”

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info