Qonaq Kitabı
MƏMƏDƏLİNİN VİDAI

 

Mən istəmirəm, qoy, baba, İran sizin olsun!

Verdim sizə, bu kişvəri-viran sizin olsun!

 

Yoxdur təməim təxtilə tacında bu mülkün!

Nə vardı gözüm bacü xəracında bu mülkün!

Nə pullu, nə dövlətlisi, acında bu mülkün!

Mən getməli oldum, hələ Tehran sizin olsun!

Verdim sizə, bu kişvəri-viran sizin olsun!

 

Mən təxtə çıxan gündə qopub şurü qiyamət,

Saldı məni min dərdü bəlayə bu vilayət,

Bir gün nə əhali mana göstərdi sədaqət,

Etdi təbəiyyət nə gəda, xan, sizin olsun!

 

Hər gün məni təhdid eləyib etdiniz azar,

İğva elədi cümlənizi Bağırü Səttar.

Axır məni saldı yerə Əsədlə Süpəhdar,

Mən istəmədim, məsnədi-xaqan sizin olsun!

Verdim sizə, bu kişvəri-viran sizin olsun!

 

Çün getməliyəm, indi yolum düşdü uzağə,

Yandırdınız aləmdə məni nari-fərağə,

Barı dolaşıb dəyməyiniz “qəmli qonağə”.

Bu Mir Bahadır – bu da əyan, sizin olsun!

Mən istəmirəm, qoy, baba, İran sizin olsun!

 

Əfsus, muradımca mürur etmədi dövran,

Saldı məni təxtimdən edib zar, pərişan.

Bais! Balan ölsün, nə xəcalət, nə peşiman.

Qaldım əliboş, kiseyi-həmyan sizin olsun!

Gilanü Əraqilə Sistan sizin olsun!

 

Lənət sizə, ey Mirzə Həsən, şeyx Fəzullah,

Siz saldınız odlarə məni, olmadım agah.

Heyhat, atılan ox yerinə gəlmiyəcək ah,

Ah ilə yanan bu dili-büryan sizin olsun!

Verdim sizə, bu kişvəri-viran sizin olsun!

 

Ax! Sevgili xanə, a gözəl Şəmsi-imarə,

Heyfa ki, vida eyləyirəm ba dili-parə!

Əfsus, sana yol tapa bilməm ki, dübarə.

İranlılar, atmış neçə oğlan sizin olsun!

İstəklilərimdən də Rəhim xan sizin olsun!

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1909, N 33. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info