Qonaq Kitabı
RƏCƏZ

 

Mənəm mərdi-məşhur, binəngü ar

– bu gizli deyil ki, edəm aşikar,

Rəayamə hökmüm rəvandır mənim,

– çe sail, dilənçi, keçəl, kur, kar.

Ümuri-siyasətdə pək mahirəm,

– fərasətdə mən etmişəm iştihar,

Kəmalımda yox zərrə nöqsan mənim

– həmi aqiləm, aliməm, huşyar.

Xülasə, başım çox böyükdür mənim

– hələ peysərim, qol-qıçım bir kənar.

Əsasən: ədalət, sədaqətliyəm

– mənimtək hanı rəhmli hökmdar,

Xilaf olmaz əsla sözümdə mənim

– mənəm əhdü peymanda pək üstvar,

İçəm and quranə, sındırmanam

– mənim andıma xəlq edir, etibar.

Özüm talibəm çünki hürriyyətə

– o hürriyyətə kim, edəm rəxnədar,

Əlavə: sözüm, söhbətim tünddür

– yüzümdən-gözümdən yağır zəhrimar,

Tənumənd, pürzur, pürqüvvətəm

– nəhəngəm, pələngəm, yeli-ruzigar,

Önümdə rəhm xan, dalımda Səməd

– dübarə otuz min nəfər xərsüvar.

Əgər istəsəm şəhri-Tehranı mən

– iki həmlədə eylərəm tarmar.

Nə Təbriz, Səlmas, Xoy, Ərdəbil

– Ürumi, Mərənd, angəhi Səbzvar,

Nə Qəzvin, Rəşt, Ənzəli, İsfahan

– nə Şiraz, ya kim, xorasanlılar.

Nə Bağır, nə Səttar, kimdir bunlar?

– Nə sərdar Əsəd, nə də Bəxtiyar,

Vəli, mən özüm qorxuram, doğrusu

– ürək durmur, titrəyir bid var

Odur ki, rəfiqi-şəfiqim mənim

– məni qoymadı kim, olam xarü zar.

İşarəmlə Təbrizi işğal edib

– yeritdi cərad, piyan, xumar,

Olub indi yeksər o saydıqlarım

– təmami kəməndi-bəlayə düçar,

Nə var ixtiyarı dönüb söyləsin

– qalıb sinədə qəmləri bişümar,

İlahim salıb onları müşkülə

– məni eylədi yaxşıca kamkar

O Təbriz, o Təbriz, o viran şüdə

– edib sinəmi lalətək dağdar

O kani-ədüvv, mənbəyi-inqilab

– o osmanlı türkaninə rəhgüzar

O qafqazlı kafirlərin mədəni

– o babi yığıncaq əhrarlar,

O qıldı məni aləm içrə zəbun

– o etdi məni halimə əşkbar,

O məşrutəxah əncümən, əncümən

– orada vəkillik edən nabəkar

Vurub canıma od Azərbaycan

– ərir peysərim dəmbədəm dümbəvar.

Bugün tazə bir söz eşitdim genə

– qulaqlarımı qavzadım çün himar,

Ölüm qorxusu düşdü əndamimə

– qazıldı mənə hər tərəfdən məzar,

Deyirlər, gəlir üstümə çox qoşun

– fədai, mücahid, səğarü kübar.

Olublar bütün yekdilü yekcəhət

– ki, bu yolda etsin hamı cannisar,

Ediblər qəsəm yad yeksər məni

– salıb təxtdən, eyləsinlər kənar,

Onunçün dolub sinəmə iztirab

– alovlandı canım olub pürşərar.

Əgər mümkün olsa, bu gün durmuyub,

– çıxıb məskənimdən edərdim fərar..

Bu cür şahlıqdansa, çox yaxşıdır

– ola qismət olsam ğəribəl-diyar.

Özüm bilmişəm axırı eyliyir

– bu millət məni azimi-guri-nar.

Ax, ay qardaşım Kabla Əbdülhəmid!

– Ey aləmdə mən qəmliyə qəmküsar.

Üzüldü sənintək mənim də əlim

– hərəmxanədən, olmuşam biqərar.

Əcəb dar günümdür, yetiş dadimə

– salırlar məni təxtdən, ay havar!

Əsir əllərim, cəmdəyim titrəyir

– alıb dövrəmi bir neçə namdar,

İtibdir başım, əqlü huşum gedib

– gülüb, ağlaram, gah divanəvar.

Nə ruhum çıxır cismi-murdardən

– nə də dincəlir, qalmışam intizar.

Nə pis qulluq etdim ki, bu millətə

– məni hərliyirlər, a pərvərdigar!

Əcəb yerdə axşamladım, əlğərəz

– gecəm oldu zülmət, günüm tirə tar,

Hələ böyləcə eylədim şərhi-hal

– şəb hamilə, ta görək nə doğar.

Yazıb eylərəm nəşr mabədini

– necə dövr edərsən fələk kəcmədar.

 

 

Nazimi: Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1909, N 27.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info