Qonaq Kitabı
OLMUŞAM

 

Bax mənə bir gör nə cəvan olmuşam,

Lap yekəlib bir pəlvan olmuşam.

 

Şir gələ, rubah olur cəngimə,

Kimsə müqabil duramaz səngimə.

Baxsa əgər “Rüstəm” olar, rəngimə,

Tab eləməz, pili-zəman olmuşam,

Lap yekəlib bir pəlvan olmuşam.

 

Bığlarımı bursam edib həlhələ,

Qurbağalar içrə düşər vəlvələ,

Göy yeriyər, Yer eliyər zəlzələ,

Xəlq durar, görsə rəvan olmuşam.

Lap yekəlib bir pəlvan olmuşam.

 

Bir neçə il bundan əzəl kur idim,

Məclisi-ovbaşdə məxmur idim.

Hər kəsə pamal olaraq mur idim,

İndi qoçaqlıqda yaman olmuşam,

Lap yekəlib bir pəlvan olmuşam.

 

Qalmış idim küncdə veylanə mən,

Kuçadə, kol-kosda rəzilanə mən

İndi çıxıb ərseyi-meydanə mən

Zurdə məşhuri-cəhan olmuşam,

Lap yekəlib bir pəlvan olmuşam.

 

İndi basıb heybətim insanları,

Divi, şəyatini, musurmanları,

Vəski, töküb yer üzünə qanları,

Zülmdə Zöhhaki-zəman olmuşam,

Lap yekəlib bir pəlvan olmuşam,

 

Qarət edib, yol kəsib, ev çapmışam,

Hər nə musurman işi var, yapmışam,

Alma xəbər kim, haradan tapmışam,

Hər nə deyirdiksə, həman olmuşam,

Lap yekəlib bir pəlvan olmuşam.

 

Var öküzüm milləti-nadan kimi,

Barbərim xeyli, müsəlman kimi,

Bir neçə həmməsləkim əslan kimi,

Kəlleyi-əğnamə çoban olmuşam,

Lap yekəlib bir pəlvan olmuşam.

 

İndi kefim kök, damağım çağdır,

Geydiyim ətlas yediyim yağdır,

Qışda – aran, yayda yerim dağdır,

Molla nədir, bəy nədi, xan olmuşam.

Lap yekəlib bir pəlvan olmuşam!

 

Ayda bir övrət alıram, tazə tər,

Köhnəsini rədd edirəm hər səfər.

Ar ilə namusu atıb, müxtəsər,

Pərdeyi-qeyrətdə nihan olmuşam,

Şəhri-cəhalətdə əyan olmuşam,

Barkəşi-tirü kəman olmuşam,

Gör necə məğrurü piyan olmuşam,

Lap yekəlib bir pəlvan olmuşam.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1909, N 26.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info