Qonaq Kitabı
ƏBƏSDİR AHIN...

 

Əbəsdir ahın, ay Molla, əbəs şurü fəğan etmə!

Əbəsdir əşki-çün lalə, əbəs gözdən rəvan etmə!

 

Əbəsdir atəşin, narın, əbəsdir giryə və zarın,

Əbəsdir bəhsi-əxtarın, əbəsdir dərmiyan etmə!

 

Əbəsdir fikri-istiqbal, əbəsdir arzuyi-bal,

Olur rənc ilə istehsal, onu müftə güman etmə!

 

Əbəs dərdü qəmü möhnət, əbəs sevda; əbəs zəhmət,

Əbəsdir banın – “va millət”, əbəsdir, qəlbi qan etmə!

 

Əbəs ərzü səmavatı gəzib qılma xəyalatı,

Budur təbi, budur zatı deyib, şərhü bəyan etmə!

 

Atılma, düşmə meydanə, çalışma mərdü mərdanə,

Nə məcmuə, nə çapxanə, əlində ərməğan etmə!

 

Səvalı eyləmə, təcdid, əbəsdir məsxərə, tənqid,

Əbəs əsrar, əbəs təkid, əbəs virdi-zəban etmə!

 

Demə təlimi-nisvanı, hicabı saxla pünhanı,

Darıxdırma müsəlmanı, yazıqsan, tərki-can etmə!

 

Səma məxluqunu təsvir edib, sərd eyləmə təqrir,

O batil fikrini bir-bir cəhan içrə əyan etmə!

 

Səri-ərşə ürüc etdin? Siyahati-büruc etdin?

Nüzul etdin, xüruc etdin, di nəql eylə, nihan etmə!

 

Danışma təbi-hikmətdən, təqazeyi-təbiətdən,

Demə söz elmi-heyətdən, əbəs tuli-lisan etmə!

 

Sən əhli-intiqad oldun, əcəb ümmül-fəsad oldun,

Əbəs kəm etiqad oldun, od içrə aşiyan etmə!

 

Fəsad etsə əgər alim, fəsad eylər hamı zalim,

Vurub qırma pərü balin, cəvan bəxtin xəzan etmə!

 

Danışma hərzə şair tək, qonuşma əsli kafir tək,

Ağa Mir Hacı Bağır tək rəvayəti-yalan etmə!

 

Dolaşma Şeyxülislamə, qəzavətxaneyi-amə,

Nə əzayə, nə əcsamə, nə nəqli-digəran etmə!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1909, N 25.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info