Qonaq Kitabı
ALDANMAYIN

 

Ay yazıq iranlılar, aldanmayın!

Hər sözə, hər vədəyə tovlanmayın!

 

Tez elə tovlanmayınız hər sözə,

Bir tələdir bəlkə qurullar sizə

Çıxmasa asari-sədaqət üzə,

Hər sözə, hər vədəyə tovlanmayın!

Atəşi-zülmə yıxılıb yanmayın!

 

Dam üzərində görərək danəni,

Verməyin əldən dili-divanəni,

Yadə salıb məclisi-viranəni

Aqibətəndiş olun, aldanmayın!

Ay yazıq iranlılar, odlanmayın!

 

Görmədinizmi hələ Tehranı da,

Məclisi-millidə axan qanı da,

Parçalanan ayeyi-quranı da,

Bir daha icmaə qığıldanmayın!

Ay yazıq iranlılar, aldanmayın!

 

Ey vətən övladı, nədir bu şitab?

Bu nə kəşakəşdi, bu nə inqilab?

Ax, nə parilman, nə hesabü kitab?

Ədl, ədalət deyə odlanmayın!

Ay yazıq iranlılar, aldanmayın!

 

Ey vükəla! Sizdə nədir bu həvəs,

Ölməyə amadəsiniz hər nəfəs.

Qorxuram axır sizə olsun qəfəs:

Gülşəni-Tehranə qanatlanmayın!

Dərdü qəmi-millətə qatlanmayın!

Ay yazıq iranlılar, atlanmayın!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1909, N 19.

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info