Qonaq Kitabı
ƏTTÖVBƏ

 

İmdadə sən yet, ey adil allah,

Pis gündəyiz çox, rəhm eylə eyvah.

Bu xəlqi etdi kim böylə gümrah?

Gör bir nə söylər bu qövmi-bədxah:

Övrət – müsavat, əqvalə bah, bah,

Əttövbə, tövbə, əstəğfürullah!

 

Hürriyyət olsun, getsin əsarət,

Həm tərk edilsin, hali-bədavət,

Övrətlər etsin kəsbi-şərafət.

Qızlar məkatib, elmü sənaət,

Yarəb, nə bidət, bu nə cəhalət,

Əttövbə, tövbə, əstəğfürullah!

 

Hansı günahı etdik cahanda,

Qıldıq təsadüf böylə zamanda.

Qıldıq necə gör biz əl-amanda,

Küllən rəiyyət, həm bəy də, xan da,

İstər ədalət pirü cavan da,

Əttövbə, tövbə, əstəğfürullah!

 

Dərdim daşıbdır, dinmə, filani,

Qanmır bu firqə yaxşı-yamani,

Derlər ki, getsin cümlə zənani,

Təhsili-elmə faşü nihani.

Billah atıbdır bunlar həyani.

Əttövbə, tövbə, əstəğfürullah!

 

Getsinlər dərsə Fatma və Zöhrə,

Bundan mana de, olsun nə bəhrə?

Qalsın bucaqda bu paslı cəhrə,

Bunlar uyuşsun coğraf, cəfrə,

Qeyrət olarmı razı bu əmrə?

Əttövbə, tövbə, əstəğfürullah!

 

Ax, ey müşəvviq, lal olsan ey kaş,

Qıldın neçün sən hər mətləbi faş?

Gər olsa qızlar elm ilə sirdaş,

Onda kim oynar qəcmə və beş daş?

Boylə gedirsə, işlər olur yaş,

Əttövbə, tövbə, əstəğfürullah!

 

Yox, yox, olammaz belə zərafət,

Bərdar edənməz bu nəngi millət,

Qızlar sərasər bilsin kitabət?

Etməz cəmaət boylə qəbahət

Kim, xaricilər etsin şəmatət,

Əttövbə, tövbə, əstəğfürullah!

Heyranü matəm, vallah və billah!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1909, N 15.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info